Tələbələrlə “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” müzakirə olunub

  • Рубрика записиMDU xəbərləri

2024-cü il fevralın 20-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsində oxuyan bir qrup aktiv tələbə ilə görüş keçirib.

Tələbələri salamlayaraq görüşü açıq elan edən Ş.Bayramov onları imtahan sessiyasını uğurla başa vurmaları münasibətilə təbrik edib, 2023/2024-cü tədris ilinin yaz semestrində uğurlar arzulayıb.

Cari ilin fevral ayının 19-da imzalanan Anlaşma Memorandumuna əsasən Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından söhbət açan rektor iki ölkə arasında olan qardaşlığın hər sahədə olduğu kimi təhsilin inkişafında da öz sözünü dediyini diqqətə çatdırıb. Ölkəmizdə elm və təhsil istiqamətində görülən işlər, aparılan islahatlar, dövlətimizin gənclər siyasəti haqqında məlumat verən Ş.Bayramov onların hərtərəfli inkişafı üçün yaradılan imkanlardan maksimum fayalanmağa dəvət edib.

Sonra, rektor MDU-nun Elmi Şurasının 2024-cü il yanvarın 30-da keçirilən iclasında qəbul edilmiş “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” haqqında təqdimatla çıxış edib.

Təqdimat zamanı universitetin 2030-cu ilə qədər olan İnkişaf Strategiyasının hazırlanması zamanı ölkə başçısının imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i adlı Sərəncamı və “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” əsas götürüldüyü qeyd edilib. Qarabağın yenidən qurulması zamanı qarşıya qoyulmuş məqsədlər, yerli və beynəlxalq təcrübələr və digər məqamların nəzərə alındığını qeyd edən Ş.Bayramov nəzərdə tutulan məqsəd, hədəf və fəaliyyətlər barədə ətraflı məlumat verib.

Sonra, İnkişaf Strategiyası ilə bağlı tələbələrlə geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, suallar cavablandırılıb.