Вы сейчас просматриваете MDU-da 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ədəbi-bədii tədbir keçirilib

MDU-da 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ədəbi-bədii tədbir keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Bəşəriyyətin əbədi tacı – “Ana” mövzusunda ədəbi-bədii tədbir keçirilib. Universitetin akt zalında keçirilən tədbirdə MDU-nun akademik-inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak edib.

İlk olaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin açılışında giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov universitet rəhbərliyi adından bütün xanım əməkdaşları, tələbə və magistrantları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan qadınının cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında fəal rol oynadığını bildirən V.Əyyubov onların hər sahədə fərqləndiklərini diqqətə çatdırıb.

Vətənpərvər övladların sayəsində doğma torpaqlarımızın işğaldan azad edildiyini, ölkəmizin tərəqqisi və firavan gələcəyi yolunda mühim nailiyyətlərin əldə edildiyini qeyd edən professor vətənə, xalqa və dövlətə bağlı, mərd, qəhraman və bilikli nəsil yetişdirən analarla fəxr edildiyini vurğulayıb.

Sonra, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hazırlanmış video-çarxlar nümayiş etdirilib.

Daha sonra, MDU-nun tələbələri tərəfindən Beynəlxalq Qadınlar Gününə həsr olunmuş şeirlər səsləndirilib, musiqilər ifa olunub və rəqslər nümayiş etdirilib.

Tədbir xanımlar tərəfindən maraqla qarşılanıb, göstərilən diqqət və təbriklərə görə təşəkkür ediblər.