06–07 noyabr 2025-ci il tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) idman zalında Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi ilə MDU-nun birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş ali, orta ixtisas və peşə məktəbi tələbələri arasında minifutbol üzrə şəhər turniri keçirilib.
Turnirin əsas məqsədi minifutbol idman növünün inkişafına dəstək vermək, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, dövlətçilik və milli dəyərlərə hörmət hisslərini təşviq etmək, “8 Noyabr – Zəfər Günü”nün tarixi-siyasi əhəmiyyətini təbliğ etmək və şəhidlərimizlə qazilərimizin göstərdiyi qəhrəmanlıqları gənc nəslə nümunə kimi təqdim etmək olub.
Ikigünlük yarışda müxtəlif təhsil müəssisələrinin komandaları mübarizə aparıb və yüksək rəqabət şəraitində keçirilən oyunlar mühüm maraqla qarşılanıb.
Turnirin nəticələrinə əsasən:
I yer – MDU-nun komandası
II yer – Mingəçevir Texniki Kollecinin komandası (MTK)
III yer – “Asan Peşə”nin komandası
Yarışın qalibləri Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırılıblar.
MDU-da təşkil olunan bu turnir gənclərin həm fiziki inkişafına, həm də milli ruhda formalaşmasına töhfə verməsi ilə əlamətdar olub.