2023-cü ilin fevralın 24-də Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin və Mingəçevir şəhər 10 saylı tam orta məktəbin təşkilatçılığı ilə 26 Fevral- Xocalı Soyqırımı Gününə həsr olunmuş “Tarixi qələbəmizlə Xocalı qətliamının günahsız qurbanlarının qisası alındı” mövzusunda konfrans keçirilib.
Mingəçevir şəhər 10 saylı tam orta məktəbdə keçirilən konfransda MDU-nun Təhsil fakültəsinin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları və məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Məktəblilərə vətənpərvlik ruhunun aşılanması, Xocalı həqiqətlərinin çatdırılması məqsədi daşıyan konfrans soyqırımı zamanı həlak olanların və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransın açılışında çıxış edən məktəbin direktor müavini Xuraman İbrahimova tədbirin tələbə və şagirdlərin birgə təşəbbüsü əsasında keçirilməsini təqdirəlayiq addım olduğunu qeyd edib. Direktor müavini bəşər tarixinin ən dəhşətli qanlı cinayətlərindən olan Xocalı qətliamından 31 il ötməsinə baxmayaraq xalqımıza qarşı törədilmiş amansız və qəddar faciənin eyni acı və kədər hissləri ilə xatırlandığını bildirib, soyqırımı zamanı həlak olmuş həmvətənlərimizə Allahdan rəhmət diləyib.
Sonra MDU tələbələrinin təqdimatında “Xocalı soyqırımına aparan yola siyasi-tarixi baxış”, “Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli faciələrindəndir”, “Xocalı soyqırımının hüquqi təhlili”, “Xocalı faciəsi dünyanın gözü ilə”, “Ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına siyasi qiymətin verilməsi” və “Tarixi qələbəmizlə Xocalı qətliamının günahsız qurbanlarının qisası alındı” mövzularında məruzələr dinlənilib.
Konfransın ədəbi-bədii hissəsində isə tələbə və şagirdlər Xocalı Soyqırımına həsr olunmuş şeirlər səsləndiriblər.
Qeyd edək ki, Xocalı Soyqırımının otuz birinci ildönümü MDU-da müxtəlif formatlı tədbirlərlə qeyd edilib.