Mingəçevir Dövlət Universitetində (MDU) tələbəyönümlü tədris mühitinin formalaşdırılması və praktiki biliklərin gücləndirilməsi istiqamətində silsilə tədbirlər davam etdirilir. Bu çərçivədə Ekologiya ixtisası üzrə təhsil alan tələbələr üçün açıq və interaktiv dərs təşkil olunub.
Açıq dərsin əsas qonağı aqroekoloq, fermer və sahə üzrə konsultant Elvin Atakişiyev olub. O, tələbələrlə kənd təsərrüfatında ekoloji yanaşmalar, aqrar sektorda ekoloji biliklərin tətbiqi və əmək bazarının müasir tələbləri barədə təcrübəsini bölüşüb.
Tədbirin əsas məqsədi tələbələrin nəzəri biliklərini praktik aspektlərlə əlaqələndirmək, onları real əmək bazarının gözləntiləri ilə tanış etmək və peşəkar yönümlü mühitin inkişafına töhfə verməkdən ibarət olub.
Açıq dərs zamanı Elvin Atakişiyev aqroekologiyanın aktual çağırışları, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı üsulları, torpaq münbitliyinin bərpası və dayanıqlı fermer təsərrüfatlarının qurulması mövzularında təqdimatla çıxış edib. Tələbələrin fəal iştirakı, mövcud ekoloji problemlərə dair fikir mübadiləsi və yerli ekosistemlərlə bağlı müzakirələr dərsin interaktivliyini artırıb.
Tədbirin sonunda universitet rəhbərliyi və iştirakçı müəllim heyəti tərəfindən Elvin Atakişiyevə təşəkkür bildirilib və bu cür təşəbbüslərin tələbələrin peşəkar inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.