MDU-da “Yaşıl və Rəqəmsal İpək Yolu” Beynəlxalq Akselerasiya Proqramı üzrə infosessiya keçirilib

  • Рубрика записиMDU xəbərləri

2025-ci ilin 19 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə “Yaşıl və Rəqəmsal İpək Yolu” Beynəlxalq Akselerasiya Proqramına həsr olunmuş infosessiya keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçən infosessiya görüşündə MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak edib.

İnfosessiyada  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov təqdimatla çıxış edib. Təqdimatda “Yaşıl və Rəqəmsal İpək Yolu” proqramı haqqında ətraflı məlumat verilib, regiondan innovative startapların formalaşmasına dəstəyin göstərilməsi, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat sahələrində fəaliyyət göstərən ideya və layihələrin beynəlxalq səviyyədə dəstəklənməsi, startapların investisiya imkanlarına çıxışının genişləndirilməsi məsələlərinə toxunulub. İ.Qasımov  proqramın 2025-ci ilin aprel ayından etibarən fəaliyyətə başladığını və bu təşəbbüsün Azərbaycanla yanaşı Türkiyə, Macarıstan, Gürcüstan, Qazaxıstan, Özbəkistan kimi İpək Yolu ölkələrini əhatə etdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, akselerasiya proqramında iştirak üçün əsas meyarlar ideyanın yaşıl texnologiyalar və rəqəmsal inkişafla bağlı olması, regionlararası əməkdaşlığa açıq yanaşmanın mövcudluğu və layihənin innovativliyidir.

İnfosessiyanın sonunda seçilmiş startapların beynəlxalq mentorla işləmə imkanı, iştirakçılar üçün müxtəlif təlim və butkampların təşkilinin nəzərdə tutulduğu bildirilib.

Sonda, iştirakçıları maraqlandıran suallar cavablandırlıb, fikir mübadiləsi aparılıb.