Mingəçevir Dövlət Universitetində insan alveri və məcburi əməklə mübarizəyə həsr edilmiş elmi-praktik seminar keçirilib

2026-cı ilin 26 fevral tarixində Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması” mövzusunda elmi-praktik seminar təşkil olunub.

Seminarın əsas məqsədi təhlükəsiz, sosial ədalətli və inklüziv şəhər mühitinin formalaşdırılması kontekstində insan alveri və məcburi əmək cinayətlərinin qarşısının alınmasına yönəlmiş elmi müzakirələrin aparılması, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi və cəmiyyətdə ictimai dözümsüzlük mühitinin formalaşdırılması olub. Tədbir Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində xüsusilə SDG 8 (Layiqli Əmək və İqtisadi Artım), SDG 10 (Bərabərsizliyin Azaldılması), SDG 11 (Dayanıqlı Şəhərlər və İcmalar) və SDG 16 (Sülh, Ədalət və Güclü İnstitutlar) məqsədlərinə töhfə verməyi hədəfləyib.

Tədbir çərçivəsində mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib.

Seminarın moderatoru MDU-nun sosial məsələlər üzrə rektor müşaviri Elvin Məmmədzadə olub. O, çıxışında insan alveri və məcburi əmək kimi ağır cinayətlərin yalnız hüquqi deyil, eyni zamanda sosial və mənəvi məsuliyyət məsələsi olduğunu vurğulayaraq, bu istiqamətdə ali təhsil müəssisələrinin maarifləndirici və preventiv rolunun mühüm əhəmiyyət daşıdığını qeyd edib.

MDU-nun hüquqşünası Polad Atayev “İnsan alveri, məcburi əmək anlayışları və bu kateqoriya cinayətlərə qarşı mübarizənin hüquqi bazaları” mövzusunda məruzə ilə çıxış edərək, insan alverinin hüquqi mahiyyəti, milli və beynəlxalq qanunvericilik çərçivəsində mövcud mübarizə mexanizmləri barədə ətraflı məlumat verib.

MDU-nun Pedaqogika və Psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva isə “İnsan alverinin qurbanlarına sosial-psixoloji və tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi” mövzusunda çıxış edərək, qurbanların cəmiyyətə reinteqrasiyası, psixoloji dəstək mexanizmləri və sosial müdafiə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.

Məruzələr ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində dayanıqlı inkişaf, insan hüquqları və sosial rifah mövzularını əhatə edən silsilə tədbirlərin keçirilməsi davam etdirilir.