Mingəçevir Dövlət Universitetində “Rəqəmsal su keyfiyyəti monitorinqi” mövzusunda startap yarışı keçirilib

Mingəçevir Dövlət Universitetində tələbələrin innovativ ideyalarının təşviqi və startap ekosisteminin inkişafına dəstək məqsədilə “Rəqəmsal su keyfiyyəti monitorinqi” mövzusunda startap yarışı təşkil olunub. Tədbir universitetdə innovasiya mədəniyyətinin gücləndirilməsi, gənclərin texnologiya yönümlü təşəbbüslərə cəlb edilməsi və praktik biliklərinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Startap yarışı universitetin Daxili nəzarət şöbəsi, Təbiət elmləri kafedrası, eləcə də Süni intellekt və Rəqəmsal texnologiyalar İnstitutunun müəllim və tələbələrinin iştirakı ilə baş tutub. Tədbirin əsas məqsədi tələbələrin innovativ ideyalarını dəstəkləmək, onların sahibkarlıq və texnoloji düşüncə bacarıqlarını inkişaf etdirmək, həmçinin texnologiya əsaslı həllərin iqtisadi artıma təsirini nümayiş etdirmək olub.

Yarışda Ecodrops, BlueTech, KurTech, AquaTeam, Ecoflow və GreenUniqe komandaları öz startap ideyaları ilə iştirak ediblər. Komandalar təqdimatları zamanı rəqəmsal texnologiyalara əsaslanan müxtəlif biznes modellərini, su keyfiyyətinin monitorinqi üzrə innovativ həlləri və sosial-iqtisadi inkişafı dəstəkləyən layihələri təqdim ediblər. Təqdimatlar zamanı süni intellekt, sensor texnologiyaları və real vaxt rejimində məlumatların emalı kimi müasir yanaşmalara xüsusi diqqət yetirilib.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşdirilib:

  • I yer – AquaTeam komandası
  • II yer – GreenUniqe komandası
  • III yer – BlueTech və KurTech komandaları

Startap yarışı çərçivəsində tələbələr innovativ düşüncə, komanda işi və layihələrin effektiv təqdimatı sahəsində dəyərli təcrübə qazanaraq gələcək sahibkarlıq fəaliyyətləri üçün mühüm bilik və bacarıqlar əldə ediblər.

Tədbir universitetdə innovasiya mühitinin formalaşdırılması, startap təşəbbüslərinin təşviqi və gənclərin texnologiya yönümlü sahibkarlığa cəlb olunması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib. Eyni zamanda, bu cür təşəbbüslərin ölkədə rəqəmsal transformasiya proseslərinə töhfə verəcəyi və su resurslarının idarə olunmasında yeni texnoloji həllərin tətbiqini sürətləndirəcəyi vurğulanıb.