2026-cı ilin 7 may tarixində Mingəçevir Dövlət Universitetində Azərbaycanda süni intellekt və innovasiya ekosisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan “AI-Industry Talent Development – Akademiya–Sənaye İnnovasiya Bootcamp” və Təqaüd Proqramının rəsmi açılış mərasimi keçirilib.
Mingəçevir Dövlət Universiteti ilə Holberton School Azerbaijan arasında qurulan strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihə universitetlər arasında ilk dəfə olaraq təşkil olunur və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.
Açılış mərasimində çıxış edənlər proqramın ali təhsil sistemi ilə real sənaye sektoru arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin süni intellekt sahəsində praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, innovativ düşüncə tərzinin təşviqi və gələcək texnoloji liderlərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Bildirilib ki, layihə universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, rəqəmsal transformasiya istiqamətində insan kapitalının formalaşdırılması və tələbələrin əmək bazarının müasir tələblərinə uyğun kompetensiyalar qazanması məqsədinə xidmət edir.
Qeyd olunub ki, proqramın Bootcamp mərhələsi 7–18 may 2026-cı il tarixlərini əhatə edir. Təlimlərin ilk 5 günü distant formatda nəzəri biliklərin mənimsənilməsinə həsr olunacaq. Bu mərhələdə iştirakçılara süni intellekt texnologiyaları, maşın öyrənməsi alqoritmləri, rəqəmsal innovasiya həlləri və müasir proqramlaşdırma yanaşmaları üzrə fundamental və tətbiqi istiqamətlərdə intensiv tədris həyata keçiriləcək.
Proqramın növbəti mərhələsində isə iştirakçılar əldə etdikləri nəzəri bilikləri praktik müstəvidə tətbiq edərək real sənaye ssenariləri əsasında komandalar şəklində innovativ layihələrin hazırlanması, modelləşdirilməsi və prototipləşdirilməsi prosesinə cəlb olunacaqlar.
Təlim prosesi boyunca iştirakçıların analitik düşünmə, problem həlli, innovativ yanaşma və komanda əməkdaşlığı bacarıqlarının inkişaf etdirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Bootcamp müddətində iştirakçılar tətbiq yönümlü və intensiv öyrənmə mühitində fəaliyyət göstərərək süni intellekt alqoritmlərinin praktik tətbiqi üzrə layihələr hazırlayacaq, proqramın yekununda – 19 may tarixində keçiriləcək “Demo Day” çərçivəsində isə hazırlanmış layihələrin təqdimatı və qiymətləndirilməsi həyata keçiriləcək.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində həyata keçirilən bu kimi təşəbbüslər universitetin innovasiya yönümlü inkişaf strategiyasına, rəqəmsal bacarıqların gücləndirilməsinə və ölkədə süni intellekt ekosisteminin inkişafına töhfə vermək məqsədinə xidmət edir.