2026-cı il mayın 6-da Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin Heydər Əliyev Muzeyində “Türk xalqlarının birlik və elmi həmrəylik platforması” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbir 1926-cı ildə Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr edilib.
Qeyd olunub ki, Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni tarixində mühüm mərhələ təşkil edərək ortaq dil, ədəbiyyat və mədəni dəyərlərin formalaşması və inkişafına əhəmiyyətli töhfələr verib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu Qurultay türk xalqları arasında elmi və mədəni birliyin möhkəmlənməsində xüsusi rol oynayıb.
Tədbirin əsas məqsədi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətinin elmi müstəvidə dəyərləndirilməsi, türk xalqları arasında elmi və mədəni əlaqələrin müzakirəsi, həmçinin gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi olub.
Dəyirmi masanı giriş sözü ilə açan Pedaqoji fakültənin dekan müavini Aygün Qədirova tədbirin əhəmiyyətindən bəhs edib. Daha sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Tədbir çərçivəsində Humanitar fənlər kafedrasının müəllimi Əbilbəyli Zəka “Birinci Türkoloji Qurultay: Türk dünyasının elmi birliyinə aparan yol”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva “Birinci Türkoloji Qurultayın türk xalqlarının milli kimliyinin formalaşmasına psixoloji və mədəni təsiri”, Humanitar fənlər kafedrasının müəllimi Novruzova Səbinə “Birinci Türkoloji Qurultay və türk xalqları ədəbiyyatının tədqiqində yeni elmi istiqamətlər”, Humanitar fənlər kafedrasının müəllimi Leyla Babayeva isə “Birinci Türkoloji Qurultaydan müasir dövrə: türk dünyasında elmi əlaqələr və perspektivlər” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələr ətrafında tələbələrin iştirakı ilə geniş müzakirələr aparılıb, mövzu ilə bağlı fikir mübadiləsi həyata keçirilib.
Ümumilikdə, tədbir türk xalqları arasında elmi-mədəni inteqrasiyanın gücləndirilməsi, ortaq tarixi irsin tədqiqi və akademik əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib.