Mingəçevir Dövlət Universitetində “Layihə nədir?” mövzusunda modul təlim keçirilib

  • Рубрика записиMSU News

2026-cı il 11 fevral tarixində Mingəçevir Dövlət Universitetində Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Layihə nədir?” mövzusunda modul təlim keçirilib.

Təlim universitetin müəllimi Rasim Haşımov tərəfindən təqdim olunub və tədbirdə xüsusilə akademik sahədə layihə yazımı və layihələrin idarə olunması ilə maraqlanan MDU əməkdaşları iştirak ediblər.

Sessiya zamanı iştirakçılara layihə anlayışının mahiyyəti, “projectus” termininin mənası, layihələrin təsnifatı (miqyasına, müddətinə, strukturuna, növünə və yerləşməsinə görə), həmçinin layihənin həyat dövrünün əsas mərhələləri — başlanğıc, konsepsiyanın hazırlanması, icra, monitorinq və bağlanış haqqında ətraflı məlumat verilib.

Təlimdə layihələrə təsir edən daxili və xarici mühit amillərinə (siyasi, iqtisadi, sosial-mədəni, elmi-texnoloji, hüquqi və ekoloji amillər), eləcə də layihənin əsas məhdudiyyətləri olan vaxt, büdcə və əhatə dairəsi arasındakı balans məsələlərinə xüsusi diqqət yetirilib.

Təlimin əsas hissələrindən biri Layihə Xartiyasının (Project Charter) hazırlanmasına həsr olunub. İştirakçılar onun əsas bölmələri ilə tanış olublar:

  • İlkin əsaslandırma və biznes ehtiyacları
  • Maraqlı tərəflərin müəyyənləşdirilməsi
  • Layihənin məqsəd və hədəfləri (SMART prinsipi əsasında)
  • Əhatə dairəsinin müəyyən edilməsi
  • İlkin vaxt cədvəli və əsas mərhələlər
  • İlkin büdcə
  • Layihə komandasının strukturu
  • Ümumi risklər və uğur meyarları

Bununla yanaşı, layihələrin idarə olunmasının əsas proses qrupları — başlanğıc, planlaşdırma, icra, monitorinq və nəzarət, həmçinin bağlanış mərhələləri barədə praktiki izahlar verilib. Risklərin idarə olunması, kommunikasiya planının hazırlanması, resursların bölgüsü və maraqlı tərəflərlə əməkdaşlıq mexanizmləri kimi mövzular da müzakirə olunub.

Təlim interaktiv müzakirə və beyin həmləsi formatında davam edib. Sessiyanın sonunda iştirakçılara Layihə Xartiyası hazırlamaq tapşırığı verilib və növbəti görüşdə təqdimatların müzakirə olunacağı bildirilib.

Qeyd edək ki, bu modul təlim Mingəçevir Dövlət Universitetində əməkdaşlar arasında layihə mədəniyyətinin formalaşdırılması, elmi-tədqiqat və qrant fəaliyyətlərinin gücləndirilməsi məqsədilə həyata keçirilən sistemli təşəbbüslərin tərkib hissəsidir.