2026-cı ilin 16 iyun tarixində Mingəçevir Dövlət Universitetində 2022-ci il sentyabrın 13-də “Qisas əməliyyatı” zamanı şəhidlik zirvəsinə ucalmış Turan Məhərrəmovun əziz xatirəsinə həsr olunmuş anım tədbiri və “Ölməz Sevginin Dastanı: Turanın Sayıbı” kitabının təqdimatı keçirilib.
MDU və “EN Group Production” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, Şəki Mədəniyyət Mərkəzinin əməkdaşları, MDU-nun akademik-inzibati heyət üzvləri və tələbələr iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra şəhid Turan Məhərrəmovun həyatı, Vətənə xidməti və döyüş yolu haqqında videoçarx nümayiş olunub. Videoçarxda gənc yaşında Vətənə bağlılığı, hərbi xidmətə sədaqəti və qəhrəmanlığı ilə seçilən Turan Məhərrəmovun şərəfli ömür yolu, 44 günlük Vətən müharibəsində iştirakı, eləcə də 2022-ci ilin sentyabr döyüşlərində göstərdiyi igidlik diqqətə çatdırılıb.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov şəhidlərin xatirəsinin yaşadılmasının təkcə mənəvi borc deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm ictimai missiya olduğunu bildirib. Rektor qeyd edib ki, universitetlər yalnız bilik və bacarıqların ötürüldüyü təhsil məkanı deyil, həm də milli yaddaşın, vətəndaşlıq məsuliyyətinin və mənəvi dəyərlərin yaşadıldığı mühüm mərkəzlərdir. Anar Eminov şəhid Turan Məhərrəmovun qısa, lakin şərəfli ömür yolunun tələbələr üçün fədakarlıq, sədaqət və Vətən sevgisi nümunəsi olduğunu vurğulayıb.
Sonra şəhidin ailə üzvləri çıxış ediblər. Şəhidin atası Tərlan Məhərrəmov, anası Ənisət Məhərrəmova, bacısı Təranə Ziyəddinova və həyat yoldaşı Sayıb Məhərrəmova çıxışlarında Turanın ailəsinə, Vətəninə və hərbi xidmətinə bağlılığından, onun insani keyfiyyətlərindən və unudulmaz xatirələrindən söz açıblar. Çıxışlarda bildirilib ki, Turan Məhərrəmovun adı ailəsinin qəlbində, onu tanıyanların yaddaşında və xalqımızın qəhrəmanlıq tarixində daim yaşayacaq. Ailə üzvləri şəhidlərin xatirəsinə göstərilən ehtirama, tədbirin təşkilinə və Turan Məhərrəmovun həyat yolunun gənclərə örnək kimi təqdim olunmasına görə universitet rəhbərliyinə və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Ardınca “Ölməz Sevginin Dastanı: Turanın Sayıbı” kitabı haqqında məlumat verilib. Bildirilib ki, kitab şəhid Turan Məhərrəmovun qəhrəmanlıq yolunu, ailəsinin qürur və həsrətini, eləcə də onun həyat yoldaşı Sayıb Məhərrəmovanın sədaqət və sevgi hekayəsini oxuculara çatdıran mənəvi yaddaş nümunəsidir.
Kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və İraq Türkmən Yazarlar Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı Telli Sənəm Borçalı çıxış edərək əsərin ərsəyə gəlmə tarixindən, şəhid ailələri ilə görüşlərindən və Turan Məhərrəmovun ömür yolunu qələmə almağın mənəvi məsuliyyətindən danışıb. Müəllif çıxışının sonunda universitet rəhbərliyinə, MDU-nun kitabxana fonduna və şəhid ailələrinə müəllifi olduğu kitabdan hədiyyə edib.
Şəki Mədəniyyət Mərkəzinin bədii rəhbəri, “EN Group Production” şirkətinin təsisçisi Elvin Nüsrətoğlunun moderatorluğu ilə keçən tədbir bədii hissə ilə davam edib. Bədii proqramda ER Rəqs qrupunun tələbələri “Ana fəryadı” kompozisiyasını təqdim ediblər. Müğənni Tərxan İbrahimov “Azərbaycan” mahnısını ifa edib. Daha sonra Yusif Yusifli və Nuray İbrahimxəlilovanın ifasında “Cənab Leytenant”, Hakim Əkbərovun ifasında isə “Azərbaycan” mahnısı səsləndirilib.
Tədbir şəhidlərin xatirəsinə dərin ehtiram, milli-mənəvi dəyərlərə bağlılıq və gənc nəslin vətəndaşlıq məsuliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətli görüş kimi yadda qalıb.