Mingəçevir Dövlət Universitetində layihə idarəetməsi və professional inkişaf sahəsində yeni əməkdaşlıq mərhələsi: “Abıyev&Partners” şirkəti ilə Anlaşma Memorandumu imzalanıb

2026-cı il fevralın 13-də Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu” çərçivəsində universitet ilə “Abıyev & Partners” şirkəti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum Mingəçevir Dövlət Universitetinin Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov və “Abıyev & Partners” şirkətinin təsisçisi Emin Abıyev tərəfindən imzalanaraq tərəflər arasında layihə idarəetməsi, professional inkişaf və tətbiqyönümlü tədris istiqamətlərində uzunmüddətli və sistemli əməkdaşlığın əsasını qoyub.

Sənədə əsasən, tərəflər universitetdə layihə idarəetməsi üzrə beynəlxalq standartlara əsaslanan yanaşmaların tətbiqi, tələbələrin və universitet heyətinin bilik və bacarıqlarının artırılması, eləcə də sertifikat proqramlarının təşkili istiqamətində birgə fəaliyyət göstərəcəklər. Bu çərçivədə tələbələr üçün qısamüddətli sertifikat proqramlarının təşkili, “Junior Project Manager” proqramı əsasında CAPM (Certified Associate in Project Management) səviyyəsinə hazırlıq, magistrantlar üçün PMP (Project Management Professional) kurslarının keçirilməsi nəzərdə tutulur.

Memorandum həmçinin akademik və inzibati heyət üçün qrant layihələrinin idarə olunması, Erasmus+, Horizon Europe və digər beynəlxalq proqramların PMP standartları əsasında icrası, eləcə də universitetdə rəqəmsal transformasiya, ənənəvi və Agile metodologiyaların tətbiqi istiqamətində təlim və məsləhət xidmətlərini əhatə edir. Bununla yanaşı, iqtisadiyyat və mühəndislik ixtisaslarında layihə idarəetməsi əsaslı fənlərin seçmə fənn kimi tədrisi, praktik yönümlü seminar və ustad dərslərinin təşkili də əməkdaşlıq istiqamətləri sırasındadır.

Əməkdaşlıq çərçivəsində fəaliyyətlərin qarşılıqlı şəffaflıq və tərəfdaşlıq prinsipləri əsasında həyata keçirilməsi, zəruri hallarda ayrıca iş planlarının hazırlanması, eləcə də milli qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərilməsi razılaşdırılıb. Memorandum imzalandığı tarixdən etibarən 3 il müddətinə qüvvədədir və tərəflərin razılığı əsasında uzadıla bilər.

Qeyd edək ki, imzalanmış Anlaşma Memorandumu Mingəçevir Dövlət Universitetində layihə idarəetməsi mədəniyyətinin formalaşdırılması, tələbələrin beynəlxalq sertifikasiya imkanlarına çıxışının genişləndirilməsi və universitetin institusional inkişaf strategiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.