Şanlı Qələbə Azərbaycanın qüdrətinin göstəricisidir

  • Рубрика записиXəbərlər (AZ)

Şanlı Qələbə Azərbaycanın qüdrətinin göstəricisidir

 

 2021-ci il aprel ayının 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub və mərasimdə Prezident İlham Əliyev çıxış edərək xalqımıza qarşı törədilən etnik təmizləmə və soyqırım hadisələrindən danışıaraq, uzun illərdən sonra qazanılan böyük qələbəmizin dünya ölkələri üçün gözlənilməz hal olduğunu qeyd edib. Bildiyimiz kimi 2020-ci ilin payız aylarında Azərbaycan Ordusu 44 gün ərzində düşməni darmadağın edərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etmişdir. Bu döyüşlərdə Azərbaycanın cəsur övladları qəhrəmanlıqla döyüşərək əsrin qələbəsini qazanmışlar. Azərbaycan xalqı intiqamını düşməndən döyüş meydanında aldı. Illər uzunu düşmənin törətdiyi məkrli hadisələr, soyqırım və qətliamlarin qisası cəsur övladlarımız tərəfindən alındı.

Torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Şəhidlərimizin intiqamını döyüş meydanında aldıq. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını müzəffər ordumuzun döyüşçüləri düşməndən döyüş meydanında aldı.

Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, ”44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdı. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Ermənistan ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər. Azərbaycan Ordusunda, Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmamışdır. Yaralanmış hərbçilər, ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar. Azərbaycan xalqı, Azərbaycan əsgər və zabitləri yüksək mənəvi ruh göstərmişdir.

Fərəhimiz sonsuzdur. Çünki, müzəffər Azərbaycan xalqı özünü dünyada təsdiq etdi. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür. Bu XXI əsrin müharibəsi idi. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə peşəkarlıq, məharət, güc, hərbi elm qoyuldu və istədiyimizə nail olduq, düşmən torpaqlarımızdan qovuldu, silah-sursatlarını qoyaraq qaçdılar.

Çıxışı zamanı Prezidentimiz bildirib ki, “Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər”.

Hərbi Qənimətlər Qələbənin möhtəşəmliyinin nümayişidir

5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobillərin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklər dəhşətlidir. Şəhərlər, məscidlər dağıdılıb, məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir edib, qəbirləri dağıdıb, şumlayıb, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bunları sadalamaq da ağırdır. Mərhəmətli və insanpərvər Azərbaycan vətəndaşları düşmənin bu hərəkətlərindən danışanda təbii ki, dəhşətə gəlir. Hələ azad olunmuş ərazilərdə olan xarici media nümayəndələri, səfirliklərin təmsilçiləri belə ermənilərin bu vandallığını görüb dəhşətə gəliblər. Artıq müharibə bitib. Zəfər Azərbaycanındır. Biz yalnız qələbəmizdən danışmalıyıq. Bir də bu qələbəni bizə bəxş edən milli birliyimizlə öyünməliyik. Bu müharibədə ölümə doğru gedən şəhid övladlarımızın şücaətindən   yazmalı, onların qəhrəmanlıqlarından böyüyən nəslə geniş məlumatlar verməliyik. Həmçinin döyüşlərdə yaralanan qazilərimiz göstərdikləri şücaətlərlə fərəhlənməliyik. Çünki bu cəsur insanlar Azərbaycan vətəndaşlarıdır.

Ötən 17 il ərzində danışıqlar fayda vermədi. Və dövlətimizin başçısı Ordumuzun bazasının möhkəmləndirilməsi istiqamətində geniş tədbirlər həyata keçirdi və bu bizi qələbəyə apardı. Ordumuzun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi.

Siyasi sabitliyin, vətəndaş birliyinin təmin edilməsi xalqımızın istədiyi ən birinci arzusudur. Biz heç zaman müharibənin, qan tökülməsinin tərəfdarı olmamışıq. Yeri gəlmişkən demək olar ki, yüksək iqtisadi inkişaf olmasaydı müasir silahlar əldə edə bilməzdik. Azərbaycan enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı.

Çıxışı zamanı Prezidentimiz tarixə nəzər salıb. Qeyd edib ki, “1987-ci ildə Ulu Öndərin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər”. İki həftə keçməmiş bir erməni millətçisi – Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Heydər Əliyevin dövründə ermənilər heç vaxt bu cür təxribat və cinayətlərə cürət edə bilmirdi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın.

Müstəqilliyin ilk illərində faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər.

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ölkəmizdə mövcud olan vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı və inkişaf yoluna qədəm qoydu. Bir neçə dəfə xəyanət, dövlət çevrilişi cəhdləri olsa da xalq öz liderinin arxasında durdu və xarici himayədarlarının dəstəyi ilə ölkəmizdə yenidən hərc-mərclik yaratmaq istəyən qüvvələrin cavabları verildi.

Tarixə nəzər salanda görürük ki, erməni dövləti bizim tarixi torpağımızda yaradılıbdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt elan etmək idi. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi həqiqətləri bilməliyik. 1918-1920-ci illərdəki müstəqilliyimiz yarımçıq idi. İrəvan Ermənistana verildi. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə bilmirdi. İngilis generallar burada meydan sulayırdılar. Bütün bunlar arxada qalıb.

Ədaləti heç bir yalan dəyişdirə bilməz. Yurdumuzun ərazi bütövlüyü təmin olundu. Xalqımız zəfər təntənəsini yaşayır. Bu böyük yolda, vətən müharibəsində Mingəçevirin vətənpərvər övladları da rəşadətlə döyüşmüş, şəhidlik zirvəsinə yüksəlmişlər. Qazi kimi evlərinə dönənlər yoldaşlarının qisasını alıblar. Mingəçevir ictimaiyyəti müharibə günlərində birliyimizə sadiq qaldı. Bu gün biz mingəçevirlilər şəhidlərimizin hər birini ehtiramla anır, müqəddəs şəhidlər xiyabanında məzarlarını ziyarət edirik. Azərbaycanın dördüncü şəhəri olan Mingəçevirin gözlərimizin önündə sürətli inkişafını gördükcə dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasi xətti dəstəkləyir və inanırıq ki, Azərbaycan bundan sonra daha da qüdrətlənəcəkdir.

 

İqtisad üzrə fəlsəfə doktoru

Ruhiyyə Hüseynova