Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunur

  • Рубрика записиXəbərlər (AZ)

Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin

diqqət və qayğısı ilə əhatə olunur

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi 44 davam edərək Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatıb. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Azərbaycanın qalib, Ermənistanın isə məğlub olduğu bəyan edilib. Bu müharibədə Azərbaycanın minlərlə qəhrəman övladı şücaətlə düşmənə qarşı döyüşmüş, bir qismi şəhidlik zirvəsinə yüksəlmiş, bəziləri yaralanaraq fiziki sağlamlığını itirmişdir. Bu fədakar vətən övladlarıa dövlətimiz tərəfindən davamlı olaraq diqqət və qayğı göstərilir. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiəsahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb.

Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrupun formalaşdırılması bizim qəhrəman övladlarımımızın ailələrinin problemlərinin üzə çıxarılmaslna imkan yaradacaq. Bu layihə çərçivəsində Mingəçevirin 50 şəhid ailəsinə və qazilərin ailələri ilə görüşlər keçirilmiş, maddi və mənəvi yardımlar göstərilmişdir. Böyük humanitar missiyanı özündə ehtiva edən “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Qeyd etmək yerinə düşər ki, Vətən müharibəsi zamanı xalqımız birlik və vəhdət nümayiş etdirərık yalnız bir düşmənə qarşı mübarizə aparmaqla böyük zəfəri qazandı. Fondun vəsaiti ölkə vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlər əsasən məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi yönəldilib.

Fonda daxil olan vəsait ilə əlaqədar mütəmadi məlumatların ictimaiyyətə təqdim olunması şəffaflığın bariz nümunəsidir. İndiyədək fondda 24 804 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib. “YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunması da təqdirəlayiq hallardandır.

Azərbaycanın müzəffər ordusunun qəhrəman əsgərləri Ali Baş Kiomandan İlham Əiliyevin rəhbərliyi ilə 30 ilə yaxın düşmən əsarətində qalan ərazilərini azad edərək böyük Zəfərl qazanmış, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılmışdır. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaqdır.

 Həmvətənlərimizin həmin Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri milli-mənəvi birliyimizi möhkəmləndirməkdədir. Vətən, torpaq, yurd sevgisini daha da artıracaqdır. Bildiyimiz kimi işğal zamanı düşmən ərazilərimizdə dağıntılar törətməklə bütün məktəb, uşaq bağçası, xəstəxana binalarını, evləri, əkin sahələrini darmadağın etmişdir.

Böyük qələbədən az sonra dövlətimizin başçısı ayrı-ayrı zamanlarda azad olunan ərazilərdə olmuş, üçrəngli bayrağımızı qaldırmış, dünya dövlətlərinə düşmənin yaratdığı pisliklər barədə məlumatları bəyan etmişdir. Bu da azmış kimi torpaqlarımıza milyonlarla mina basdırılmışdır ki, onların axtarışı zamanı da günahsız insanlar həlak olmuşlar. Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bu torpaqlarda həyat yenidən bərpa olunacaq.

Mülki əhaliyə dəymiş ziyanın ödənilməsi prosesinin dövlətin nəzarətində olması vətəndaşlara göstərilən dövlət qayğısıdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tərəfindən Dövlət Komissiyası yaradılıb. Həmin günlərdə düşmən müharibə bölgəsindən çox uzaqda yerləşən, Azərbaycan üçün streteji əhəmiyyəti olan Mingəçevir şəhərinə, İES və SES yaxınlığına raketlər atmaqla öz vəhşiliyini bir daha göstərmişdir. Yalnız məkrli niyyətini həyata keçirməyə maraqlı olan düşmən bizim torpaqlarımızı əsarətdə saxlamaq üçün hər cür pisliyə əl atır, xalqımızı qorxudaraq müharibədən çəkindirməyə çalışırdı. Lakin Azərbaycanın qəhrəman əsgərləri geri durmadılar. Ermənistan torpağına bir addım belə qoymadan, dinc insanlara hücum etmədən yalnız öz torpaqlarımızda döyüşmüş, düşməni silah sursatını qoyaraq qaçmağa məcbur etmişdir. 44 günlük müharibə, 200 ildən sonra müzəffər ordumuzun zəfər qazanması xalqımızın ruh yüksəkliyini artırmış, dünya əsrin qələbəsinin şahidi olmuşdur. Bu qələbə xalqımızın milli birliyinin təntənəsidir.

            Dövlətin qayğısı zərər çəkmiş bütün mülki əhalini əhatə edəcəkdir. Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət maliyyə yardımları göstərəcəkdir. Qeyd olunur ki, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000 (bir min) manat məbləğində yardım göstəriləcəkdir.

Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslər yerli icra hakimiyyəti orqanlarını da əhatə edir. Mingəçevir şəhərində də qazilərimizə, qəhrəmanlarımıza qayğı göstərilir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nəzərdə tutulması ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımdır. Bu, dövlətin müvafiq xidmətlərindən faydalanmaq imkanlarını artırır. Belə ki, dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.

Vətən Müharibəsində iştirak etmiş hər bir hərbçinin müraciətinə dövlət həssaslıqla yanaşır. Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həlli ı üzrə müvafiq tədbirlər görülmüşdür.

Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunacaq. Bu barədə dövlətimizin başçısı deyib və tapşırıqlarını verib. Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə xüsusi Komissiya yaradılmışdır. Çaşqınlıq yaratmaq, böyük qələbəmizə kölgə salmaq istəyənlər bu niyyətlərindən çəkinməlidirlər. Torpaqlarımızln azad olunması uğrundakı böyük savaşda soyuq səngərlərdə gecə gündüz döyüşən, düşmənə sipər olan vətən övladlarına hər cür qayğı göstərilməlidir. Bu dövlətimizin siyasətinin bir hissəsidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli məqsədilə xüsusi komissiya yaradılıb.

Tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin etmişlər. Şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunmuşdur. Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq AzSığorta şirkətinin daxili idarəetmə potensialı artırılmışdır. Şirkətin daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılmış, təkrarlanan əməliyyatlar avtomatlaşdırılmışdır. Vətəndaşların fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər təşkil edilmiş, zənglərin qəbulu üçün telefoniya sistemi qurulmuşdur.

Azərbaycanın 30 ildən sonra torpaqlarına qovuşması, ərazi bütövlüyünuün bərpa edilməsi xalqımızın sabaha iolan ümidlərini artırır. Artıq ərazilərdə ilkin quruculuq işlərinə başlanılıb, yollar çəkilir, stansiyalar inşa edilir. Bu quruculuq işlərinə maraqlı olan Azərbaycana dost olan ölkələrin də quruculuq işlərində iştirak etməsi dövlətimizin xarici siyasətinin daha bir uğuru hesab edilə bilər. Çünki Azərbaycan inkişaf yolunda uğurla irəliləyir.

 

Mətanət MƏMMƏDOVA,

“Tərəqqi” medallı jurnalist