“Azərbaycan müəllimi” qəzeti, 08.05.2025
Mayın 8-də Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin beynəlxalq səviyyədə keyfiyyətinin artırılması və tələbə-müəllim heyətinin dil bacarıqlarının inkişaf etdirilməsi məqsədilə universitetdə “Cambridge University Press & Assessment” təşkilatının Azərbaycandakı rəsmi tərəfdaşı olan ITAC – International Training and Assessment Center ilə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb və “Cambridge Resurs Mərkəzi”nin rəsmi açılışı həyata keçirilib.
Mingəçevir Dövlət Universitetinin rektoru professor Anar Eminov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bu əməkdaşlığın universitetin beynəlmiləlləşmə strategiyası çərçivəsində atılan əsaslı addım olduğunu bildirib:
“Mingəçevir Dövlət Universitetində beynəlmiləlləşmə strategiyamız çərçivəsində bu gün daha bir mühüm addım atıldı. Tələbə və əməkdaşlarımızın ingilis dili bacarıqlarının inkişafı və tədris prosesinin beynəlxalq təhsil standartlarına uyğunlaşdırılması məqsədilə “Cambridge University Press & Assessment” təşkilatının Azərbaycandakı rəsmi nümayəndəliyi olan ITAC ilə əməkdaşlığa başladıq”.
Rektor qeyd edib ki, bu əməkdaşlıq universitetin tədris sistemində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq:
“Tədris planlarımız və fənn sillabuslarımız Cambridge Universitetinin akademik standartlarına uyğunlaşdırılacaq. Tələbə və müəllimlərimiz TKT (Teaching Knowledge Test), IELTS və Cambridge English Qualifications imtahanlarına hazırlıq məqsədilə ödənişsiz qruplarda təlim alacaqlar. Yüksək nəticə göstərən tələbə və müəllimlərimiz Londonda Yay məktəbində universitet hesabına təkmilləşdirmə kurslarında iştirak edəcəklər”.
A.Eminov əlavə edib ki, yeni yaradılan Cambridge Resurs Mərkəzi təkcə universitet üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli bir akademik infrastruktur olacaq:
“Biz bu mərkəz vasitəsilə həm universitet daxilində, həm də regionda fəaliyyət göstərən təhsil müəssisələri üçün beynəlxalq səviyyədə keyfiyyətli tədris mühitini formalaşdırmağı qarşıya məqsəd qoymuşuq. MDU bu istiqamətdə yalnız təhsil alanlara deyil, eyni zamanda orta məktəb, peşə məktəbi və kolleclərdə çalışan müəllimlərə də dəstək verəcək.”
ITAC direktoru Həsrət Şıxbabayev isə “Azərbaycan müəllimi”nə verdiyi açıqlamada bildirib ki, MDU ilə əməkdaşlıq genişmiqyaslı Cambridge modelinə əsaslanan sistemli tədrisin regiona inteqrasiyasını təmin edəcək:
“Bizim əsas məqsədimiz universitetdə Cambridge sisteminə uyğun tədris mexanizmini formalaşdırmaqdır. İngilis dili müəllimliyi və iqtisadiyyat fakültələrinin tələbələri diaqnostik qiymətləndirmədən sonra Cambridge tədris modelinə uyğun mərhələlərə bölünəcək və onlar beynəlxalq imtahanlara – IELTS, Linguaskill, B2 First (FCE) – hazırlıq proqramlarında iştirak edəcəklər. Eyni zamanda, müəllimlərin də bu istiqamətdə təlimlərə cəlb olunması və regionun müxtəlif məktəblərində çalışan müəllimlərlə seminarların təşkili planlaşdırılır.”
O əlavə edib ki, rəsmi Cambridge imtahanlarının MDU-da təşkili və Cambridge Universiteti ilə birgə Beynəlxalq İngilis Dili Olimpiadasının keçirilməsi təşəbbüsü də müzakirə olunub:
“MDU ilə müqaviləmiz çərçivəsində Mərkəzi Aran regionunda rəsmi Cambridge imtahanlarının təşkili istiqamətində birgə fəaliyyət göstərməyi hədəfləmişik. Universitet rəhbərliyinə yaradılan şərait üçün təşəkkür edirəm və əminəm ki, bu əməkdaşlıq həm universitet, həm də region üçün təhsil keyfiyyətinin yüksəlməsində ciddi nəticələr verəcək.”
MDU-nun Xarici dillər kafedrasının ingilis dili müəllimi Lalə Rüstəmova isə bildirib ki, bu təşəbbüs həm tələbələr, həm də müəllimlər üçün yeni imkanlar yaradır:
“İngilis dili müəllimliyi və iqtisadiyyat ixtisaslarında təhsil alan tələbələr Cambridge sillabusuna uyğun şəkildə mərhələlərə bölünəcək və bu proqramlarla hazırlıq alacaqlar. Bu, universitetin tədris sisteminin ITAC proqramı ilə tam inteqrasiyasını təmin edəcək. Cambridge Resurs Mərkəzinin MDU-da yaradılması bizim üçün eyni zamanda məsuliyyətdir, çünki biz universitet olaraq regionun təhsil inkişafına töhfə vermək missiyasını daşıyırıq.”
Onun sözlərinə görə, universitetə müraciət edən hər bir təhsil müəssisəsi – orta məktəb, kollec – bu sistemdən faydalana biləcək və Cambridge University Press & Assessment standartlarına uyğunlaşdırılmış tədris proqramları gələcəkdə bütün strukturu əhatə edəcək.