Səadət Ağakişiyeva
Мингячевирский Государственный Университет
Humanitar fənlər kafedrasının baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru
Bəxtiyar Vahabzadə publisistikasında milli özünüdərk
Bəxtiyar Vahabzadə xalqın içərisindən çıxmış, vətənini və millətini dərin məhəbbətlə sevən bir xalq şairidir. O, millətin dərdini öz dərdi, xalqın acısını öz ağrısı kimi qəlbində hiss etmiş, bir sözlə, xalqının sevinci və kədərini bütün varlığı ilə yaşamış və yaşatmaqdadır.
Onu bəzən “Qulbazarında bir fəhlə”, 20 Yanvar hadisələri zamanı bir şəhidin ana-bacısı, çadır şəhərciklərində yalınayaq gəzən bir yetim, bəzən də doğma torpağından zorla didərgin salınmış bir Qarabağ qaçqını obrazında görürük. Öz ifadəsi ilə desək, “Mən Vahabzadə deyiləm, millətimin diliyəm.”
Vahabzadə həqiqətən də xalqın içində idi. Xalqın dərdini özünə dərd bilən bir insanın publisistika sahəsində əsərlər yaratması tamamilə təbiidir. Bəxtiyar Vahabzadənin publisistikası milli ideyaların, xalqın mənəvi-əxlaqi dəyərlərinin, azadlıq və müstəqillik arzularının bədii-publisistik formada ifadəsidir. Onun publisistik yazılarında milli kimlik, dil və mənəviyyat məsələləri hər zaman əsas yer tutur. Şairin publisistik fəaliyyətində ən önəmli cəhət – o dövrün ictimai-siyasi hadisələrinə yalnız müşahidəçi kimi deyil, həm də bir ziyalı məsuliyyəti daşıyan vətəndaş kimi münasibət bildirməsidir.
Bəxtiyar Vahabzadə publisistikasında xalqın taleyi, milli müstəqillik ideyası, vətənpərvərlik duyğuları və mənəvi bütövlük məsələləri əsas qayə kimi ön plana çıxır. Onun “Millət”, “Ana dili”, “Azadlıq”, “Vətən”, “Tarix”, “Vicdan” kimi anlayışlara yanaşması təkcə bədii deyil, həm də fəlsəfi səciyyə daşıyır.
Yazıçının publisistikasını digərlərindən fərqləndirən əsas cəhətlərdən biri onun orijinallığı, estetik gözəlliyi və elmi-fəlsəfi fikirlə bədii duyğunun vəhdət təşkil etməsidir. Bu yazılarda oxucu həm düşüncənin dərinliyini, həm də bir şairin incə qəlb çırpıntılarını hiss edir. 1976-cı ildə alim Bəkir Nəbiyev şairin publisistik yazılarından ibarət ilk kitabına yazdığı ön sözdə B. Vahabzadə publisistikasının bu xüsusiyyətinə diqqət çəkərək belə yazırdı:
“Əlimizdəki məqalələrin hər bir səhifəsində analitik alimin fikri ilə zərif bir şairin ürək döyüntüləri duyulur və bu, fikrin təsir gücünü artırır.”
B. Nəbiyev fikrini davam etdirərək belə nəticəyə gəlir:
“Bu publisistikanı başqalarından fərqləndirən əsas xüsusiyyət, siyasi təsir ilə bədii ifadəni uğurla birləşdirməsidir. O, lazım gəldikdə öz şeirlərindən, həmçinin qələm dostlarının əsərlərindən və tükənməz xalq ədəbiyyatı xəzinəsindən gətirdiyi nümunələrlə məqalələrinin estetik səviyyəsini yüksəldir, əsərlərinə dərin emosional təsir qatır.”
B. Vahabzadə publisistikasında bədii düşüncə və estetik zövq elmi düşüncə ilə vəhdət təşkil edir, bu da onun publisistik yazılarının təsir gücünü artırır. Bu xüsusiyyət onun yaradıcılığını tədqiq edən mütəxəssislər tərəfindən dəfələrlə qeyd edilmişdir.
Bəxtiyar Vahabzadənin publisistikası mövzu baxımından olduqca geniş və zəngindir. Onun publisistik düşüncəsi və bu sahədə qaldırdığı problemlər, dünyada baş verən hadisələrə biganə qalmayan dərin millilik duyğusuna, fəlsəfi lirizmə və poetik ilhama əsaslanır; bütün bu mövzular müəllifin qələmində düşüncənin süzgəcindən keçir. O, qələmə aldığı problemləri tarixi kontekstdə təqdim etsə də, bu məsələlər hər zaman yaşadığı müasir dövrün ictimai-sosial problemləri ilə səsləşir və onlarla tam uyğunluq təşkil edir.
Şairin sənət fəaliyyətində olduğu kimi, publisistikasında da əsas mövzu vətən, vətənpərvərlik və milli varlıqdır. O, vətənin, torpaqlarının və ana dilinin müqəddəsliyini həm şeirlərində, həm də publisistik yazılarında açıq, aydın və səmimi bir dildə ifadə edir. “Vətən sevgisi” adlı məqaləsində bu sevgini belə izah edir:
“Vətən sevgisi insan hisslərinin ən ali, ən yüksək və ən müqəddəsidir. İnsan aid olduğu vətəni sevməklə özünü, cəmiyyət qarşısındakı vəzifəsini yerinə yetirmiş olur. Vətən və xalq duyğularından məhrum olan şəxs bütün insani hisslərdən məhrumdur. Vətənini sevən insan həyatı sevir, dünyanı sevir. Çünki o niyə yaşadığını, nəyin naminə çalışdığını bilir. Vətən sevgisi insana müqəddəs bir məqsəd verir. Müqəddəs məqsəd isə ürəyə cəsarət, qollara güc, gözlərə işıq verir.”
Bəxtiyar Vahabzadə söz və dilə iki baxımdan yanaşır: bir tərəfdən sənətkarlıq baxımından, digər tərəfdən isə milliliyin rəmzi kimi, vətənin və milli varlığın ayrılmaz hissəsi kimi qiymətləndirir. Onun publisistik fəaliyyətini araşdırarkən buna bir daha şahid oluruq:
“B.Vahabzade vətən və millət sevgisini, ana dili sevgisini bir dağ kimi ürəyində daşıyıb və bunu oxucularına çatdırmağa çalışmışdır. Haq və ədalət yolunda qarşısına çıxan bütün əngəllərə baxmayaraq, apardığı mübarizədən bir an belə vaz keçməmişdir.”
Sovet rejiminin ağır, basqılı dövrlərində o, müxtəlif vasitələrlə amansız təzyiqlərdən qorunmaq üçün satıraltı mənalarda müstəqillik məsələsini qabardır və xalqını müstəqillik uğrunda mübarizəyə çağırır.
Milli istiqlal uğrunda mübarizə üçün tarixi şərait yetişdikdə milli özünüdərk hissi də məntiqi olaraq güclənir. İctimai-siyasi həyatda, milli şüurun güclənməsində böyük rolu olan, həqiqətpərəstliyə sadiq, cəsarətli söz qılıncının əbədi müəllifi, publisist B.Vahabzadə “Şənbə gecəsinə gedən yol” məqaləsində gərgin siyasi burulğanların içərisində onu ən çox düşündürən milli yaddaş, tərəqqi ilə irtica, düzlüklə yalan, cəsurluqla qorxaqlıq, yurdsevərliklə milli satqınlıq, zəka ilə nadanlıq arasında nəticə çıxarmağa çalışır. Publisistin təfəkküründəki milli özünüdərk illərdən bəri mənsub olduğu kommunist partiyasından çıxmaqla özünü qərarlaşdırır. O, tarixin ən qaranlıq qatlarına – 70 il əvvəlki hadisələrə baş vuraraq 1918-ci ildə Azərbaycanda törədilən qırğınların sahibi, vaxtilə adına heykəllər ucaltdığımız Şaumyan, onun havadarı Lalayevi lənətləyir, ermənilərin Dağlıq Qarabağ iddiaları, tarixi saxtalaşdırmaq cəhdləri, xalqımıza qarşı törədilən genosidin maraqlarını, məqsədlərini aydınlaşdırır, tutarlı arqumentlərlə böhtançı erməni siyasətini ifşa edir, bu siyasi prosesə şərait yaradan Qorbaçov və Moskvadan alqışlar qazanmaq naminə susmaq planını layiqincə yerinə yetirib, özünü qəhrəman hesab edən, doğma dilində doğrudüzgün danışmağı bacarmayan azərbaycanlı rəhbərlərin yarıtmaz fəaliyyətini tənqid etməkdən çəkinmir.
B.Vahabzadənin milli özünüdərkin fövqündə həqiqətə sədaqəti o qədər qüvvətlidir ki, bəzən baş verən siyasi proseslərdə öz xalqını qəflət yuxusunda sakit qərar tuduğuna görə məzəmmətləyir. Ümumiyyətlə, “Şənbə gecəsinə gedən yol” məqaləsində milli ruhlu publisistika ilə analitik alim təfəkkürlü zərif bir şairin ürəyinin sızıltılarını duymamaq qeyri-mümkündür. Amma əsərin sonunda müəllifin xalqın işıqlı gələcəyinə olan böyük inamı diqqəti cəlb edir. Ancaq emosiya ilə məntiqin sərhədinin çətin müəyyənləşdiyi “Şənbə gecəsinə gedən yol” məqaləsində publisistdə qanlı faciənin törədildiyi şənbə gecəsindən sonra millətinin bu ağır baryerlər qarşısında qələbəsinə qarşı əminliklə inanır: “Mən bir daha inandım ki, bu xalqı qırmaq olar, əzmək olar, amma sındırmaq olmaz”
O, Ermənistanın təcavüzünü və şiddətlənən Ermənistan millətçiliyini kəskin ifadə ilə, real sübutlarla ifşa edir və əsassız iddialar irəli sürən erməni tərəfdarlarının iddialarının boş və əsasdan məhrum olduğunu göstərir.
Müstəqilliyi şəxsi mənafelərə qurban verməməyi və onun əhəmiyyətini aşağıdakı fikirlərlə ifadə edir:
“Yalnız müstəqilliyimiz əlimizdən çıxmasın. Müstəqilliyimizi mədəmizin tələblərinə qurban etməyək. Biz müstəqilliyimizi qorusaq, ən qısa müddətdə hər şeyin öz yoluna düşəcəyinə inanıram.”
B. Vahabzadənin publisistikası bütün yüksək keyfiyyətləri ilə Azərbaycanın milli publisistikasında yeni bir mərhələ yaratmışdır.
Formanın Yuxarısı
Formanın Aşağısı
Onun publisistik irsi bu gün də aktuallığını qoruyur. Çünki Vahabzadənin qaldırdığı problemlər – dilin saflığının qorunması, milli kimliyin unudulmaması, mənəvi dəyərlərin yaşadılması – müasir dövrdə də ictimai düşüncənin əsas istiqamətlərindəndir.
Beləliklə, Bəxtiyar Vahabzadənin publisistik irsi – ideya bütövlüyü, vətəndaşlıq mövqeyi və bədii ustalığı ilə seçilərək, Azərbaycan ədəbi düşüncəsində müstəsna yer tutur.