Mingəçevir Dövlət Universitetində “Bir” Tələbə-Könüllü Proqramının tədbiri keçirilib. Tələbələrin böyük maraqla qatıldığı təqdimat zamanı iştirakçılara “Bir” Tələbə-Könüllü Proqramı, ölkəmizdə könüllülük fəlsəfəsi, proqramın əsas istiqamətləri və proqramın fəaliyyətlərində iştirak imkanları haqqında məlumat verilib. İnteraktiv üsulla keçirilən təqdimatlar zamanı tələbələr könüllük haqqında fikirlərini bölüşüb, kreativ təşəbbüslərlə çıxış ediblər.
Tədbiri “Bir” Tələbə-Könüllü Proqramının kordinatoru Canoğlan İlyasov aparıb.
“Bir” Tələbə-Könüllü Proqramı öz fəaliyyətini 6 müxtəlif istiqamət ilə həyata keçirir. İstiqamətlər tələbə-könüllülərin asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, tələbə həyatını rəngarəng yaşamasına və əyləncəli vaxt keçirilməsinə şərait yaradır. Tədbir iştirakçılarına “Bir” Tələbə-Könüllü Proqramında iştirak edən tələbə gənclərin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Könüllülər və könüllü liderlər üçün təlimlərin təşkili bu sahədə həyata keçiriləcək. Proqramda komanda və komanda tərkibində ümumi və fərdi şəkildə işin təşkili, “könüllü kimdir?”, kampaniya, marafon və digər aksiyaların təşkili, aktual sayılan müxtəlif mövzular üzrə təlimlərin və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Müntəzəm xarakter daşıyacaq planlaşdırılmış layihələr çərçivəsində tələbələr müxtəlif sahələr və mövzular üzrə geniş biliklərə və zəruri bacarıqlara yiyələnəcəklər.
Aparıcı-məşqçi Canoğlan İlyasov tələbələrlə bir sıra əyləncəli proqramları həyata keçirib. Qalib gələn tələbələr mükafatlandırılıb.
Xatırladaq ki, “BİR” Tələbə-Könüllü Proqramı Təhsil Nazirliyinin proqramı olaraq, ölkədə növbəti illərdə həyata keçiriləcək bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə-könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb.