2025-ci il oktyabrın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsi Humanitar fənlər kafedrasının nəzdində fəaliyyət göstərən “Ədəbiyyat” dərnəyində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş “Türk dünyasının istiqlal şairi – Bəxtiyar Vahabzadə” adlı dəyirmi masa təşkil olunub.
Tədbiri giriş sözü ilə açan “Ədəbiyyat” dərnəyinin rəhbəri, Humanitar fənlər kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səadət Ağakişiyeva iştirakçıları salamlayaraq dəyirmi masanın məqsəd və əhəmiyyətindən bəhs edib. O, Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında və ümumtürk düşüncəsində oynadığı mühüm rolu vurğulayaraq, şairin yaradıcılığında azadlıq, istiqlal və milli kimlik mövzularının xüsusi yer tutduğunu qeyd edib. Bildirilib ki, Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsi gənc nəslin milli ruhda və vətənpərvərlik duyğuları ilə formalaşmasında mühüm rol oynayır və onun yaradıcılığı türk dünyasının mənəvi sərvətləri sırasında layiqli yer tutur.
Dəyirmi masa çərçivəsində Bəxtiyar Vahabzadənin yaradıcılığında türkçülük ideyasını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra tələbələr şairin çoxşaxəli yaradıcılığı ilə bağlı maraqlı çıxışlar ediblər. MDU-nun Təhsil fakültəsinin tələbələrindən Rəvan Abdullayev “Bəxtiyar Vahabzadə XX əsr ədəbiyyatının fenomeni kimi”, Könül Əlizadə “Bəxtiyar Vahabzadə yaradıcılığında istiqlal ideyası”, Sevinc Şəfiyeva “Heydər Əliyev və Bəxtiyar Vahabzadə yaradıcılığı”, İbrahim Hacıyev “Bəxtiyar Vahabzadə və milli yaddaş”, Bəyim Sadıqzadə “Bəxtiyar Vahabzadənin ədəbi-estetik görüşləri” və Nuray Mehdizadə isə “Gülüstan harayında söz” mövzusunda məruzələrlə çıxış ediblər.
Humanitar fənlər kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Maarifə Manafova tədbirdə çıxış edərək tələbələrə təşəkkürünü bildirib, Bəxtiyar Vahabzadənin yaradıcılığına dair maraqlı faktları iştirakçıların diqqətinə çatdırıb.
Dərnək üzvlərindən İ23.3 qrup tələbəsi Əfqan Məmmədov da çıxış edərək Xalq şairinin şeirlərindən birini səsləndirib. O, bədii yaradıcılıqla da məşğul olan istedadlı tələbə kimi tədbirdə fərqlənib.
Sonda dəyirmi masada iştirakçılara tövsiyələr verilib, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.