“COP 29 – UN AZƏRBAYCAN ÜÇÜN SİYASİ, İQTİSADİ VƏ EKOLOJİ ƏHƏMİYYƏTİ”

İnsanların iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısının alınması məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer sammitində Çərçivə Konvensiyası imzalanmışdır. COP adlanan bu saziş ingilis dilindən tərcümədə (Conference of Parties) sözlərinin baş hərflərinin birləşməsindən götürülüb, mənası “tərəflərin konfransı” deməkdir. COP tədbirləri 1995-ci ildən indiyə kimi hər il keçirilmişdir. İlk tədbir 1995-ci ilin mart ayında Berlində baş tutmuşdur. COP, hər ilin müəyyən bir ayında dünya liderlərinin iştirakı ilə keçirilən konfransdır. İqlim böhranı və su qıtlığı kimi qlobal problemlərin həlli yollarını tapmaq və bu problemlərlə mübarizə üçün gələcək strateji planların hazırlanması məqsədi daşıyır. Tərəflər konvensiyaya üzv olan 198 ölkədən ibarətdir. Katibliyi Almaniyanın Bonn şəhərində yerləşir. COP Paris Sazişinin məqsədlərinə nail olmaq üçün hər il dünyanın aparıcı ölkələrində keçirilən tarixi bir görüşdür.

COP-da hansı nəticələr əldə edilib?

COP-larda qlobal səviyyədə çox önəmli qərarlar alınır, müzakirələr aparılır. Konfransda qəbul olunan qərarların necə həyata keçiriləcəyi ilə bağlı yol xəritələri hazırlanır. 2015-ci ildə Fransada keçirilən COP21-də Paris İqlim Sazişi imzalandı. Bu razılaşma, iqlim böhranının qarşısını almaq üçün qlobal orta səth temperaturunun artımını 2 dərəcə ilə məhdudlaşdırmaq və mümkünsə 1,5 dərəcədən aşağı saxlamaq məqsədi daşıyırdı. Qlobal miqyasda baş verən iqlim dəyişikliklərinin ətraf mühitə olan neqativ təsirlərinin getdikcə intensivləşməsi bu sazişi zəruri edən səbəb idi.

COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti…

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, Kioto Protokolunun tərəflər görüşünün 19-cu sessiyasının və Paris Sazişinin tərəflər görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 13 yanvar 2024-cü ildə Təşkilat Komitəsi yaradılması haqqında sərəncam imzalanmışdır. COP 29 tədbiri 11-12 noyabr tarixlərində Bakı şəhərində baş tutacaq. COP 29 konfransı zamanı, Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlıq və yaşıl texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim edəcək.

Hesab edilir ki, COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları olacaq. COP29 Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edəcək. Bu isə ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, havanın keyfiyyətini artıracaq. Nəticədə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edəcək. Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilə qədər 40% azaltmağı məqsəd qoyub. Bu da Paris Sazişinə uyğun olaraq qlobal iqlim məqsədlərinə töhfə verəcək.

COP29 konfransının Azərbaycan iqtisadiyyatına da müsbət təsirləri gözlənilir.

Bu konfrans nəticəsində turizm sektoru canlanacaq. Tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq, yaşıl enerjinin inkişafını təşviq edəcək. Ölkənin beynəlxalq əlaqələri, diplomatiyadakı mövqeyi daha da möhkəmlənəcək.

COP29-un Azərbaycan üçün nəticələri necə olacaq?

Azərbaycana qlobal diqqətin yönəldilməsi regionun üzləşdiyi xüsusi ekoloji problemlər haqqında məlumatlılığı artıracaq. Su qıtlığı, biomüxtəlifliyin itirilməsi kimi problemləri ön plana çıxarmaqla, COP29 bunların həlli üçün resursların ayrılmasını artıra bilər. COP29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlər üçün də vacibdir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir və bu işlər həm də COP29 Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılır.

COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsətdir.

COP LOGOSU:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) loqosu ictimaiyyətə təqdim edilib. Bildirilib ki, COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib. Kökləri Azərbaycan tarixi-mədəni irsinə dayanan buta motivi özündə davamlılıq və innovasiyanı ehtiva etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpü salır. Butaların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özü-özlüyündə beş fərqli elementi ifadə edir – flora və fauna, hava və külək, su, enerji və kainat.

COP29-un loqosu iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönlü fəaliyyətin əhəmiyyətini əks etdirir.

Turist axını:

COP 29-un ölkəmizdə keçirilməsinə dair qərar həm yerli, həm də xarici müşahidəçilər tərəfindən mühüm bir hadisə kimi qiymətləndirilir. Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Bunun həm siyasi, həm də iqtisadi əhəmiyyəti vardır. Bu tədbirin ölkəmizdə keçirilməsinin mühüm tərəflərindən biri də odur ki, dünyanın hər yerindən gələcək 70-80 min qonaq işğaldan azad edilmiş rayonlarımıza səfər edəcək, bu ərazilərimizlə yaxından tanış olacaq. Bu həm də gələcək illərdə turizmin inkişafına da güclü təkan verəcəkdir.

Ekoloji faydaları:

COP 29 layihəsinin Azərbaycana müxtəlif sahələrdə bir sıra əhəmiyyətli xeyirləri olacaqdır. Ekoloji faydaları kimi, COP 29 layihəsi Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üçün öhdəliklərin yerinə yetirilməsinə kömək edəcəkdir. Bu, ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, havanın keyfiyyətini artıracaq və iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edəcəkdir. Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmağı planlaşdırır ki, bu da Paris Sazişinə uyğun olaraq qlobal iqlim məqsədlərinə töhfə verəcəkdir.

İqtisadi faydaları:

COP 29 konfransı Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərəcək. Belə ki, beynəlxalq konfransın keçirilməsi turizm sektorunu canlandıracaq, yerli müəssisələrə və xidmət sektoruna əlavə gəlir gətirəcəkdir. Həmçinin, bu tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq və yaşıl iqtisadiyyatın inkişafına güclü təkan verəcəkdir.

Beynəlxalq əlaqələr və imici:

COP 29 layihəsi Azərbaycanın beynəlxalq arenada nüfuzunu artıracaq və qlobal iqlim dəyişiklikləri müzakirələrində lider mövqeyə çıxmasına kömək edəcək. Bu tədbir Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak etdiyini və qlobal problemlərin həllində töhfə verdiyini göstərir. Beləliklə, ölkənin beynəlxalq əlaqələri güclənəcək və diplomatik mövqeyi möhkəmlənəcəkdir.

İnnovasiya və texnologiya transferi:

COP 29 konfransı çərçivəsində müxtəlif innovativ texnologiyaların və qabaqcıl təcrübələrin mübadiləsi baş tutacaq. Bu, Azərbaycanın öz enerji sektoru və digər sahələrdə innovativ həlləri tətbiq etməsinə imkan verəcək. Həmçinin, konfransda müzakirə edilən yeniliklər və texnologiyalar, Azərbaycanın ekoloji dayanıqlığını artırmağa kömək edəcəkdir.

Cəmiyyətin maarifləndirilməsi və iştirakı:

COP 29 tədbiri Azərbaycan cəmiyyətində iqlim dəyişikliyi və ekoloji problemlər haqqında maarifləndirmə səviyyəsini artıracaqdır. Bu, vətəndaşların ekoloji problemlərə qarşı daha məsuliyyətli davranış sərgiləməsinə və ekoloji layihələrdə aktiv iştirak etməsinə səbəb olacaq. Həmçinin, yerli icmaların və qeyri-hökumət təşkilatlarının iştirakı təşviq ediləcəkdir. Bu faydalar Azərbaycanın həm ekoloji dayanıqlığını artıracaq, həm də iqtisadi inkişafına və beynəlxalq mövqeyinə əhəmiyyətli töhfələr verəcəkdir.

KİV:

KİV, COP29 layihəsində mühüm rol oynayır. KİV, COP 29 ilə bağlı məlumatları geniş auditoriyaya çatdırmaqla, cəmiyyəti iqlim dəyişikliyi və onun təsirləri barədə maarifləndirir. Onlar, konfransın məqsədləri, tədbirlər və hökumətin öhdəlikləri barədə ictimaiyyəti məlumatlandıraraq, insanları daha məlumatlı və məsuliyyətli olmağa sövq edir.

Son olaraq, COP 29 tədbirinin keçiriləcəyi günlərdə dünyanın aparıcı dövlətlərinin elmi mütəxəssisləri ölkəmizdə cəmləşəcək. Deməli, həmin günlərdə sanki dünyanın ürəyi Azərbaycanda döyünəcək.

Mingəçevir Dövlət Universitetinin

Fizika və ekologiya kafedrasının

müəllimi Aysel Bayramova