Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova çıxış edərək Azərbaycanın COP29-a ev sahibliyi etməsinin iqtisadi və siyasi əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizin 2024-cü ildə COP29-a sədrliyinin həm regional, həm də qlobal səviyyədə mühüm bir hadisədir. T.Yusibova çıxışında iqlim dəyişikliyi ilə mübarizə sahəsində dünya miqyasında atılan addımlarda Azərbaycanın oynadığı rol, həm ölkəmizin qlobal miqyasda nüfuzunu artırdığını, həm də qlobal şimal və cənub arasında körpü funksiyasını yerinə yetirdiyini diqqətə çatdırıb.
Sonra dəyirmi masanın proqramına uyğun olaraq kafedranın müəllimlərinin məruzələri dinlənilib. Vüsalə Mustafayeva “Azərbaycanda iqlim dəyişkənliyinin və iqlim istiləşməsinin bitki örtüyünə təsiri”, Gülmirə Məmmədova “Azərbaycanın COP29-a sədirliyinin ictimai-siyasi tərəfləri”, Şəbnəm İslamova “Dünya ölkələrinin günəş enerjisindən istifadə prespektivləri”, Gülgün İsrəfilova “Qlobal iqlim dəyişikliyinin planetimizə yaratdığı təhlükə” mövzularında maraqlı təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub və müzakirələr aparılıb.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.