Mingəçevir Dövlət Universitetində dağ ekosistemlərinə həsr olunmuş elmi-praktik təlim keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində Fizika və ekologiya kafedrasının müəllimi Vəliyeva Natəvan tərəfindən “Dağ ekosistemləri və həssas təbii zonalar” mövzusunda elmi-praktik təlim keçirilib.

Təlimin əsas məqsədi tələbələrə dağ ekosistemlərinin xüsusiyyətləri, onların formalaşma prosesləri və həssas təbii zonaların qorunmasının əhəmiyyəti barədə biliklərin aşılanması olub.

Tədbir çərçivəsində dağ landşaftlarının yaranma mərhələləri, onların geomorfoloji xüsusiyyətləri və formalaşmasına təsir edən əsas amillər haqqında ətraflı məlumat verilib. Xüsusilə tektonik proseslər, iqlim amilləri, eroziya və denudasiya proseslərinin dağ landşaftlarının inkişafındakı rolu tələbələrə geniş şəkildə izah olunub.

Təlim zamanı tələbələrlə interaktiv müzakirələr aparılıb, mövzu ilə bağlı suallar cavablandırılıb və praktiki yanaşmalar əsasında izahlar verilib.

Tədbirin sonunda tələbələrdə dağ ekosistemlərinə dair elmi biliklərin artırılması, landşaftların qorunması və davamlı istifadəsi istiqamətində mühüm bacarıqların formalaşdırıldığı qeyd olunub.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində təbii mühitin qorunması, ekosistemlərin davamlı idarə olunması və ekoloji maarifləndirmənin gücləndirilməsi istiqamətində mütəmadi olaraq elmi-praktik və maarifləndirici tədbirlər həyata keçirilir.