Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında imzalanmış əməkdaşlıq Memorandumunun icrası çərçivəsində MDU-nun Biznes və menecment kafedrasının müəllimi Ramil Həsənov ADNSU-da ezam müəllim kimi fəaliyyətə başlayıb.
Ölkədaxili akademik təcrübə mübadiləsinin təşviqinə xidmət edən əməkdaşlıq çərçivəsində Ramil Həsənov ADNSU-nun magistratura səviyyəsində təhsil alan tələbələri üçün dərs keçib. İlk dərslər Neft-qaz mühəndisliyi və İnformasiya texnologiyaları ixtisasları üzrə magistr qruplarında “Akademik yazı və etika” fənni üzrə təşkil olunub.
Ezamiyyət müddətində müxtəlif magistr qruplarında tədris prosesinin davam etdirilməsi nəzərdə tutulur. Tədris zamanı tələbələrə elmi-tədqiqat işlərinin aparılması və elmi məqalələrin hazırlanması qaydaları ilə bağlı nəzəri və praktiki biliklərin çatdırılması planlaşdırılır.
Qeyd edək ki, MDU ilə ADNSU arasında həyata keçirilən akademik mübadilə proqramı universitetlərarası əməkdaşlığın inkişafına, elmi və pedaqoji təcrübə mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verir. Bu təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən olan 4-cü məqsəd – Keyfiyyətli Təhsilin təmin olunmasına töhfə verərək ali təhsil müəssisələri arasında bilik və təcrübə mübadiləsinin genişlənməsinə xidmət edir.