Mingəçevir Dövlət Universitetində “Dayanıqlı nəqliyyat: reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik seminar keçirilib

  • Рубрика записиMDU xəbərləri

2025-ci ilin 26 dekabr tarixdə Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının təşkilatçılığı ilə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dayanıqlı nəqliyyat: reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik seminar keçirilib.

MDU-nun II tədris binasının kiçik akt zalında təşkil olunan seminarı giriş sözü ilə açan Mexanika kafedrasının müdiri Mahir İsmayılov ölkəmizdə son illərdə həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələri, yol tikintisi və quruculuq işləri barədə məlumat verib, mövcud problemlər və onların həlli istiqamətində görülən tədbirlərlə bağlı fikirlərini iştirakçılarla bölüşüb.

Açılış nitqindən sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib. Kafedranın müəllimlərindən Qaragöz Kərimov “Azərbaycan Respublikasının avtomobil parkının vəziyyətinin hərəkət təhlükəsizliyinə təsiri və yaxşılaşdırılması üçün görülən tədbirlər”, Habil İsmayılzadə “Şəhərin nəqliyyatında ictimai nəqliyyatın optimallaşdırılması üçün görülən tədbirlər” və Əli Qurbanov “Azərbaycanda müasir nəqliyyat sistemlərinin formalaşmasında yeni yanaşmalar” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələrdə dayanıqlı nəqliyyatın əhəmiyyəti, hərəkət təhlükəsizliyinin artırılması, ictimai nəqliyyatın səmərəliliyinin yüksəldilməsi və müasir nəqliyyat yanaşmalarının tətbiqi məsələləri geniş şəkildə müzakirə olunub.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, tələbə və müəllimlərin sualları məruzəçilər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, MDU-da “Konstitutsiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlər keçirilir.