MDU əməkdaşları yay məktəbində iştirak edib

  • Рубрика записиBeynəlxalq / ERASMUS+

Mingəçevir Dövlət Universitetinin tərəfdaşı olduğu, Xəzər Universitetinin koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş, Avropa Komissiyasının maliyyələşdirdiyi Erasmus+ layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində 29 iyul-02 avqust 2024-cü il tarixlərində yay məktəbi təşkil olunub. Layihə “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarının İnkişafı” (DIRNA) mövzusunda həyata keçirilib. Tədbirdə Mingəçevir Dövlət Universitetinin 4 əməkdaşı – Layihə meneceri Samirə Əhmədova, İnformasiya Texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva və kafedranın müəllimi Məryəm Əsədova və Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev iştirak edib.

Yay məktəbinin rəsmi açılışı Gəncə Dövlət Universitetinin rektoru, professor Yusib Yusibov və Xəzər Universitetinin rektoru İradə Xəlilovanın salam nitqi ilə başlanıb. Tədbir zamanı Xəzər Universitetinin nümayəndələri DİRNA layihəsinin məqsədləri və əhəmiyyətini iştirakçılara çatdırıblar.

Təlimlərdə Türkiyənin İzmir Yüksək Texnologiyalar İnstitutu, İtaliyanın Laqulia Universiteti və Finlandiyanın Juvaskula Universitetinin ekspertləri təqdimatlar edərək açıq elmin prinsipləri, elmi məlumatların və nəşrlərin geniş ictimaiyyət üçün əlçatan olmasının vacibliyi, açıq nəşriyyat üçün alətlər və elmi məlumatlara pulsuz çıxışı təmin etmək üçün müxtəlif platforma və vasitələrdən istifadə yolları haqqında ətraflı məlumat veriblər. Həmçinin, FAIR (Findable, Accessible, Interoperable, Reusable) prinsiplərinə uyğun məlumatların idarə edilməsi və Avropa Açıq Elm Buludunun (EOSC) təqdimatı keçirilib. İştirakçılar institusional repozitoriyaların idarə edilməsi üçün DSpace, Eprints və Fedora kimi məşhur proqramlar haqqında geniş biliklər əldə ediblər.

Təlim zamanı iştirakçılar əldə etdikləri bilikləri praktiki olaraq tətbiq etmək imkanı qazanıblar. Onlar DSpace-də məqalə kolleksiyalarının yaradılması, məlumatların yüklənməsi və təşkili üzrə tapşırıqları yerinə yetirərək, bu alətlə işləməyin daha dərindən öyrənilməsinə nail olublar. Praktiki məşğələlər, gündəlik işdə anbardan səmərəli istifadə etmək üçün tələb olunan bacarıqların inkişaf etdirilməsinə yönəlib. Bu bilik və bacarıqlar, elmi məlumatların daha geniş yayılmasını və əlçatanlığını asanlaşdıraraq, institusional repozitoriyalarla işin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Qeyd edək ki, istifadəsi nəzərdə tutulan DSpace platforması, məqalələr, dissertasiyalar və tədqiqat məlumatları kimi elmi materialların saxlanmasını, təşkilini və nəşrini dəstəkləyir və onları tədqiqatçılar və geniş ictimaiyyət üçün əlçatan edir. Platforma, metadata və məlumatlara daxil olmaq imkanı ilə strukturlaşdırılmış repozitoriyalar yaratmağa imkan verir.