2025-ci ilin 7 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsi ilə İqtisadi Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Biznes ideyalarının reallaşdırılması iqtisadi inkişafın əsas indikatoru kimi” mövzusunda dəyirmi masa təşkil olunub.
MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dos. Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən dəyirmi masada universitetin bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
Öncə MDU-nun İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, dos. Vüqar Məmmədli “Biznes və sərt bacarıqlar” mövzusunda çıxış edərək müasir dövrdə gənclərin sahibkarlıq təşəbbüsləri və praktiki bacarıqların əhəmiyyətinə diqqət çəkib.
Sonra, Biznes və menecment kafedrasının müəllimi Babək Hüsüyev “Biznes layihələrinin hazırlanması xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edərək layihələndirmənin mərhələləri, effektiv planlaşdırma prinsipləri haqqında məlumat verib.
Daha sonra, MDU-nun İqtisadiyyat kafedrasının müəllimi, İqtisadi Tədqiqatlar Mərkəzinin üzvü Aytən Nadirova “Biznes və maliyyə münasibətlərində müasir yanaşma” mövzusunda məruzəylə çıxış edərək qlobal iqtisadi trendlərin biznes mühitinə təsiri və müasir maliyyə strategiyalarının formalaşması məsələlərinə toxunub.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr və dəyirmi masanın mövzusuna uyğun müzakirələr aparılıb.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər keçirilir.