Uzun müddətdir ki, “Ədəbiyyat qəzeti”ni və “Kredo”nu izləyirəm. Bu qəzetlərin hər nömrəsini səbirsizliklə gözləyirəm. Bəzi yazıları tələbələrimlə birlikdə oxuyub, müzakirə də edirik. Hərdənbir bu qəzetlərə elmi yazılar da veririk. Son illərdə həm “Ədəbiyyat qəzet”i, həm də “Kredo” çox maraqlı, oxunaqlı olubdur.
“Ədəbiyyat qəzeti”ndə Azərbaycan ədəbi elitasının nüfuzlu simalarından sayılan Azər Turanın “Böyük alman alimi Hans Peter Ahmet Şmide və onun Heydər Əliyev uğrunda mücadiləsi” (16 yanvar 2023) , “Ötən yazıya sözardı : Əhməd Şmidenin itirilən haqqını bərpa edə biləcəyikmi” ( 8 mart 2023) və ədəbiyyatşünas Orxan Arasın “ Vəfa və Əhməd Şmide” ( 25 yanvar 2023) adlı təsirli yazılarını birnəfəsə, həyacanla oxudum. Hər üç yazının mövzusu eynidir : Görkəmli ədəbiyyatşünas alim Əhməd Şmide 1996-cı ildə Bakı Dövlət Universitetinin fəxri doktoru seçilsə də, sonradan Universitetin bu nüfuzlu siyahısında onun adı unudulub.
… Xatirələr məni kecən əsrin altmışıncı illərinın sonuna aparır. O vaxt M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda Alman və Azərbaycan dilləri ixtisası üzrə üçüncü kursda oxuyurdum. Sovet İttifaqının qılıncının, necə deyərlər, dalı da kəsirdi, qabağı da.
Amma Respublikanın həyatında bir canlanma, bir oyanış var idi. Respublikaya yeni rəhbər – Heydər Əliyev gəlmişdi. Millət özünü tanımağa başlayırdı. Başqa sözlə, yeni rəhbər milləti özünə tanıtdı. Milləti dünyaya tanıtdı, dünyanı millətə tanıtdı.
İnsanların milli düşüncə, milli ruh, milli kimliyi oyanırdı. İndi adamlar milli mənsubiyyətinə görə qürur duyurdu.
O vaxta qədər sovetlər birliyinin geridə qalan respublikalarından biri olan Azərbaycan nəhəng tikinti meydanını xatırladırdı. Respublikada böyük tikinti, quruculuq işlərinə start verilmişdi. Azərbaycanın həyatında həlledici və şərəfli bir mərhələ başlayırdı.
Ölkə rəhbərinin Azərbaycan dilindəki cıxışları biz tələbələrə mənəvi dəstək, ruh yüksəkliyi verirdi.
Milli mədəniyyət və ədəbiyyat böyük surətlə inkişaf edir, yaradıcı qüvvələr qarşısında yeni üfiqlər açılırdı.
… Altmışıncı illərin sonunda Dillər İnstitutunun coxtirajli “Bilik” qəzeti hamımızın sevimli qəzeti idi. Tez-tez məqalələrlə çıxış edirdim, qəzetə şeir verirdim ( Qəzetə əvvəlcə Bilal Muradov, sonradan Zeydulla Ağayev redaktorluq etmişdi).
… İnstitutun əsas binasına gələndə adət üzrə yenə də III mərtəbəyə “Bilik” qəzetinin redaksiyasına qalxdım. Rəhmətlik Zeydulla müəllim “Səni axtarıram”, dedi.
“ Təcili dəftər-qələm götür, Almaniyadan qonaq gəlib, alman dilini sən bilirsən, ondan müsahibə al. İndicə Şifahi nitq laboratoriyasına getdilər” ( Zeydulla Ağayev ingilis dili mütəxəssisi idi, sonradan filolodiya elmləri doktoru elmi dərəcəsi, professor elmi adı aldı, istedadlı tərcüməçi idi ).
Tələsik ikinci mərtəbəyə Cəfər Mehdi oğlu Cəfərovun yaratdığı Şifahi nitq laboratoriyasına düşdüm. Alman dili müəllimimiz Sevda Pepinova, tanınmış şair Bəxtiyar Vahabzadə və Almaniyadan gəlmiş qonaq ( o, Əhməd Şmide idi) şirin söhbər edirdilər.
Sevda Pepinova hündür boylu, dolu bədənli, baxımlı, gülərüz, həm də yeri gələndə çox ciddi bir qadın idi. Həm müəllimlər, həm də tələbələr ona ehtiramla yanaşır, çəkinir, bir sözünü iki etmirdilər. Sevda xanımın atası Əhməd bəy Pepinov Azərbaycan Demokratik Respublikası dövründə Əmək və Əkincilik Naziri işləmişdi ( Sevda xanım nazirin yeganə qızı idi). Sevda xanımın anası Xurşud Ağayeva Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini Həsən bəy Ağayevin qızı idi. Sevda Pepinova Azərbaycan SSR-in xalq artisti, aktyor Lütfəli Abdullayevlə ailə həyatı qurmuşdu.
“Yad qonaqla” söhbət edən Bəxtiyar Vahabzadəni də yaxşı tanıyırdıq. Bizim dövrün tələbələri onu alim ( professor) kimi tanıyır, şair kimi sevirdilər. Necə deyərlər, o dövrdə artıq “… qatlayıb dizinin altına qoymuşdu alim Bəxtiyarı şair Bəxtiyar.” Dərsə başladığımız birinci gündən partaların altindan “ Gülüstan” poemasının makinada yazılmış səhifələri çıxırdı. 1968-1969-ci illərdə institut kollektivi ilə Bəxtiyar Vahabzadənin “İkinci səs” pyesinə dəfələrlə baxmışıq ( o illər Azərbaycan Milli Dram Teatrında bu əsər tez-tez tamaşaya qoyulurdu). Alman dili ixtisası üzrə yuxarı kurs tələbələri bu əsəri – “Die andere Stimme”
( “İkinci səs”) alman dilində tamaşaya qoymaq üçün məşqlər edirdilər.
Salam verib, Sevda Pepinovaya yaxınlaşdım ( onu özümə daha yaxın bilirdim, öz müəllimim kimi). “İnstitut qəzeti üçün müsahibə almaq istəyirəm, icazə verirsinizsə…” dedim.
Sevda xanım cəld və işgüzar şəkildə: “ Mən icazə verə bilmərəm, qonaq Bəxtiyar müəllimindir, ondan icazə al”.
Söhbətimizi eşidən Bəxtiyar Vahabzadə: “ Bir şərtlə, yazını mərkəzi qəzetə də verəcəksən,” dedi.
Bir an duruxdum. O vaxt mərkəzi qəzetə şeir vermək, yazı dərc etdirmək cətin məsələ idi. Gərək şeirin şeir ola, yazın da yazı… Nəyə görəsə alman qonaqla müsahibədən də çəkinirdim. Almaniyadan gəlib, birdən səhv buraxaram. Həm də mərkəzi qəzetlərdə senzura var.
“Kömək etsəniz, mərkəzi qəzetlərə də verərəm”, dedim. Bəxtiyar müəllim elə o saat : “ Sabah Qəşəm müəllimin yanına apar, mənim adımı ver”.
Doğrusu, həyacan keçirirdim. Heç əvvəlcədən sual da hazırlamamışdım. Bir üstünlüyüm, alman dilini bilməyim idi. Qonağın sözlərini yazmaq üçün dəftərimi açib, həyacanla “ Özünüzü təqdim edin , işiniz haqqında danışın”, dedim ( Bəlkə də bu sual jurnalist təcrübəsizliyindən irəli gəlirdi). Elə zənd edirdim ki, qonaq mənimlə almanca danışacaq. Amma o mənə Azərbaycan dilində şirin bir ləhcə ilə cavab verdi. “ Sərbəst məslək sahibiyəm. Tərcümə etməyi və dilmanclığı sevirəm. Əsas işim məhkəmələrdə olur. Almaniyada çoxlu türk yaşayır və işləyir. Onlar bəzən ehtiyatsızlıq edir, iş yerində avadanlıqlar, maşınlar sıradan çixir, iş məhkəməyə düşür. Mən vəkillik və dilmanclıq edirəm.”
Söhbətimiz belə açıq, sərbəst başlasa da bir müddət hər ikimiz susuruq. “Amma mən islamı qəbul etmişəm. Özümə Əhməd adı ğötürmüşəm. Atam türklərin dostu idi. Mən türkləri sevirəm. Bilirəm ki, məhkəməyə təsadüfən düşüb, bu iş ehtiyarsızlıqdan olub. Günahı yoxdur. Onun sözlərini elə tərcümə edirəm ki, türkü qoruya bilim”.
Sual: Siz Azərbaycan dilindən alman dilinə tərcümələr edirsiniz. Bəs bu şeirləri Almaniyada sevirlərmi?
Cavab: Azərbaycan şeirlərini almanlar çoxdan, keçən əsrlərdən sevirlər.
( Yəqin ki, Əhməd Şmide hələ XIX əsrdə Bodenştedin Mirzə Şəfi Vazehdən etdiyi tərcümələri, Mirzə Şəfi Vazehin nəgmələrini nəzərdə tuturdu. Görəsən belədirmi !?).
Sual: Siz daha çox Bəxtiyar Vahabzadənin şeirlərini tərcümə edirsiniz. Bunun bir səbəbi varmı?
Cavab: Bəxtiyar bəyin şeirləri oxucuya bəxtiyarlıq verir.
Yazdığım məqalə institutun “Bilik” qəzetində dərc olundu. Yazımın üzünü köçürüb , “Azərbaycan gəncləri” qəzetinə getdim. Məqaləni qəzetin redaktoru Qəşəm Aslanova verib “Bəxtiyar Vahabzadə göndərib,” dedim. Növbəti həftə məqaləm “Azərbaycan gəncləri” qəzetində dərc olunmuşdu.
Sonrakı illərdə Əhməd Şmidi azərbaycanlıların yaxın dostuna çevrildi. Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini alman dilinə tərcümə etdi ( Bu tərcümələr arasında “ Kitabi- Dədə Qorqud” dastanı da var).
Əhməd Şmide Azərbaycani, azərbaycanlıları sevirdi. Respublikamızın ən çətin günlərində belə, Heydər Əliyev uğrunda mübarizlərdən biri idi. Heydər Əliyevi türk dövlətçilik tarıxındə ölməz lider hesab edirdi.
Əhməd Şmide ölən günə kimi ( 10 oktyabr 2010-cu il) Qarabağ həqiqətlərini Avropaya tanıtdı.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın və ədəbiyyatşünas Orxan Arasın yazıları – Əhməd Şmidenin adının universitetin Fəxri doktorları sırasında unudulması xəbəri məni kədərləndirdi. Əhməd Şmidenin itirilən haqqı bərpa olunacaqmı?
Hörmətli Əlirza müəllim!
Bu yazını sevimli “Kredo”ya göndərərkən yenidən Bakı Dövlət Universitetinin saytına girdim (http: // www/bdu/az > content). Baş səhifədə Universitetinin fəxri doktorlarının siyahısına açdim…
… Sevincimdən kövrəldim. Əhməd Şmidenin adı və şəkli fəxri doktorlar siyahısına əlavə edilib, şəklin altinda “Əhməd Şmide – Görkəmli ədəbiyyatşünas alim ” sözləri yazılıb… İndi türk dünyasının yaxın dostu, Azərbaycanı öz Vətəni kimi sevən Əhməd Şmidenin ruhu şaddır…
Sağ ol, “Ədəbiyyat qəzeti!”
Sağ ol, Azər Turan!
Sağ ol, Orxan Aras!
Sağ ol, Bakı Dövlət Universiteti!
Namaz MANAFOV,
Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru