Mingəçevir Dövlət Universitetində (MDU) əmək bazarı nümayəndələri ilə görüş keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə əmək bazarı nümayəndələri ilə görüş keçirilib. Görüşdə Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva, Fizika və Ekologiya kafedrasının müdiri Təranə Yusibova, Keyfiyyət Təminatı və Davamlı İnkişaf şöbəsinin baş mütəxəssisi Lamiyə İbrahimova və Təcrübə və Karyera İnkişafı Mərkəzinin mütəxəssisi Razim Qurbanov iştirak edib. Görüşün qonaqları isə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Paşayeva Ülkər, Məlikov Fərid və Alıyeva Gültac olub.

Görüşdə çıxış edən Almaz Əliyeva universitetin mühəndislik sahəsində kadr hazırlığı strategiyasından bəhs edərək, tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki təcrübə qazanmasının vacibliyini vurğulayıb. O, əmək bazarının dinamik dəyişən tələblərinə uyğun mütəxəssislər yetişdirmək üçün universitetin sənaye qurumları ilə əməkdaşlıq etdiyini və bu cür görüşlərin tələbələrin iş dünyasına daha yaxşı hazırlaşmasına imkan verdiyini bildirib.

Fizika və Ekologiya kafedrasının müdiri Təranə Yusibova isə çıxışında ekoloji sahədə kadr hazırlığının önəmini qeyd edib, bu sahənin aktual problemlərinə toxunaraq tələbələrin praktiki bacarıqlarının artırılması üçün gələcəkdə təcrübə proqramlarının daha da genişləndiriləcəyini vurğulayıb. Əmək bazarı ilə sıx əlaqələrin qurulmasının tələbələrin inkişafına mühüm təsir göstərəcəyini bildirib.

Görüş zamanı qonaqlar universitetin məzunlarının iş dünyasına hazırlığı, ekoloji sahədə iş imkanları və əmək bazarının tələbləri barədə öz təcrübələrini bölüşüb, əmək bazarının tələb etdiyi keyfiyyətlərin müzakirə edildiyi görüşdə, universitetin bu istiqamətdə fəaliyyətlərini daha da gücləndirmək barədə razılığa gəlinib.