Mingəçevir Dövlət Universitetinin müəllimi tərəfindən “İş və təhsil mühitində erqonomika” mövzusunda elmi seminar keçirilib

  • Рубрика записиMDU xəbərləri

Gəncə Dövlət Universitetində “İş və təhsil mühitində erqonomika” mövzusunda elmi seminar təşkil olunub. Seminarda Mingəçevir Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Pirverdiyeva Göyçək İspəndiyar qızı məruzəçi kimi çıxış edib.

Seminar giriş sözü ilə açılıb. Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva mövzunun müasir dövrdə актуallığını vurğulayıb. Tədbirdə professor, dosent və baş müəllimlərdən ibarət akademik heyət iştirak edib.

Seminarın əsas məqsədi iş və təhsil mühitində insan sağlamlığının qorunması, rahatlığın təmin edilməsi və məhsuldarlığın artırılması baxımından erqonomik prinsiplərin tətbiqinin əhəmiyyətini izah etmək olub. Tədbir zamanı iştirakçılara düzgün oturuş qaydaları, iş yerinin səmərəli təşkili, kompüter və musiqi alətlərindən istifadə zamanı yarana biləcək sağlamlıq risklərinin azaldılması ilə bağlı ətraflı məlumat verilib. Mövzu slayd təqdimatları və interaktiv müzakirələr vasitəsilə geniş şəkildə izah olunub.

Seminar nəticəsində iştirakçılar iş və təhsil mühitində erqonomikanın rolunu daha dərindən mənimsəyib, düzgün iş şəraitinin yaradılması ilə bağlı biliklərini artırıblar. Qeyd olunub ki, erqonomik qaydalara riayət edilməsi sağlamlıq problemlərinin qarşısının alınmasına və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verir.

Sonda vurğulanıb ki, iş və təhsil mühitində istifadə olunan mebel və avadanlıqlar erqonomik standartlara uyğun seçilməli, iş yerlərində düzgün işıqlandırma və havalandırma təmin edilməli, uzunmüddətli fəaliyyət zamanı isə müntəzəm fasilələr verilməlidir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində sağlam və səmərəli təhsil mühitinin təşviqi, akademik heyət və tələbələrin maarifləndirilməsi istiqamətində bu kimi elmi seminarlar mütəmadi olaraq təşkil olunur.