Mingəçevir Dövlət Universitetində “Gələcəyin Şəhəri” ideya yarışması keçirilib

  • Рубрика записиMexanika

Mingəçevir Dövlət Universitetində (MDU) innovativ düşüncənin təşviqi, şəhər mühitinin gələcək inkişafına dair yaradıcı ideyaların formalaşdırılması və tələbələrin müasir urbanizasiya problemlərinə texnoloji yanaşmalar təqdim etməsi məqsədilə “Gələcəyin Şəhəri” mövzusunda ideya yarışması təşkil olunub.

Tədbir MDU-nun Mexanika və İnformasiya Texnologiyaları kafedralarının birgə təşəbbüsü ilə həyata keçirilib. Yarış tələbələrə davamlı inkişaf prinsiplərinə əsaslanan şəhər modelləri üzərində düşünmək və innovativ həllər təqdim etmək imkanı yaradıb.

Yarışma çərçivəsində iştirakçılar gələcəyin şəhərlərinin formalaşması ilə bağlı müxtəlif kreativ ideyalar hazırlayıblar. Komandalar ağıllı şəhər texnologiyaları, ekoloji davamlılıq, enerji səmərəliliyi, ağıllı nəqliyyat sistemləri, rəqəmsal infrastruktur və şəhər idarəetməsində innovativ həllər istiqamətində layihə və konsepsiyalar təqdim ediblər. Təqdim olunan ideyalar urban mühitdə həyat keyfiyyətinin yüksəldilməsi, resurslardan səmərəli istifadə və ekoloji balansın qorunması kimi mühüm məsələləri əhatə edib.

Tədbirin əsas məqsədi tələbələrin yaradıcı və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək, onları şəhər planlaşdırılması və texnoloji innovasiyalar sahəsində yeni ideyalar irəli sürməyə təşviq etmək olub. İştirakçılar komandalar şəklində çalışaraq gələcəyin şəhər modelini əks etdirən konseptual layihələr hazırlayıb, onların sosial, texnoloji və ekoloji üstünlüklərini əsaslandıran təqdimatlarla çıxış ediblər.

Yarışmanın yekun mərhələsində iştirakçı komandalar ideyalarını münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmə zamanı layihələrin innovativliyi, tətbiq potensialı, şəhər mühitinə verə biləcəyi töhfə və davamlı inkişaf prinsiplərinə uyğunluğu əsas meyarlar kimi nəzərə alınıb. Münsiflər heyəti tərəfindən seçilən ən maraqlı və perspektivli ideyalar xüsusi qeyd olunub və iştirakçılara onların daha da inkişaf etdirilməsi ilə bağlı tövsiyələr verilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin interdisiplinar biliklərinin inkişafı, innovativ düşüncə tərzinin formalaşdırılması və müasir texnologiyalar əsasında praktik bacarıqlarının artırılması istiqamətində bu kimi təşəbbüslər mütəmadi olaraq həyata keçirilir.