2023-cü il dekabrın 22-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında imzalanmış 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq Göyçayda “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib.
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Zivər Zeynalova, MDU-nun rektoru Şahin Bayramov, Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov, şəhid ailələri, struktur bölmənin rəhbər və əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və MDU-nun bir qrup professor-müəllim heyəti iştirak edib.
Əvvəlcə, qonaqlar Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Mərkəzdə təşkil olunan şagirdlərin rəsm-əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Ümummilli Liderimizin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Elmi-seminarın açılışında Göyçay RİH-nin başçısının müavini Zivər Zeynalova, MDU-nun rektoru Şahin Bayramov və Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov çıxış ediblər. Açılış nitqlərində müasir və müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin bütün dövrlərində hər zaman təhsil sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşdığı və bu sahədə misilsiz xidmətlər göstərdiyi bildirilib.
Qeyd edilib ki, ötən dövr ərzində Ümummilli liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dövləti Qarabağda tarixi ədaləti bərpa edərək öz suverenliyini tam təmin edib. Həmçinin Vətən müharibəsində Zəfərimizin əldə olunmasında müəllimlərin, təhsil işçilərinin xüsusi payı olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, müəllim adını hər zaman uca tutan, uşaqların və gənclərin hərtərəfli inkişafını yüksək həssaslıqla diqqət mərkəzində saxlayan dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və təbliği təhsil müəssisələrinin ən mühüm və şərəfli vəzifələrindəndir.
Sonra MDU alimlərinin təqdimatında məruzələr dinlənilib. Universitetin akademik heyət üzvlərindən Asim Məmmədov “Müasir Azərbaycan dövlətinin memarı və qurucusu”, Namaz Manafov “Heydər Əliyev və Azərbaycan dili”, Səadət Ağakişiyeva “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” və Əməkdar müəllim Könül Aydın “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda çıxış ediblər.
Daha sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar səsləndirilib, dahi lider Heydər Əliyevin zəngin irsi və keçdiyi həyat yolundan bəhs edən videoçarx izlənilib.
Qeyd edək ki, 2023-cü il aprelin 20-də MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı çərçivəsində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir.