24 sentyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatıçılığı ilə bir qrup I kurs tələbəsi ilə görüş təşkil olunub. Görüşdə Vətən müharibəsində iştirak etmiş universitet əməkdaşları – Mexanika kafedrasının müdiri Mahir İsmayılov, Riyaziyyat kafedrasının müdiri Rövşən Babayev və Mexanika kafedrasının müəllimi Qaragöz Kərimov tələbələrlə bir araya gəliblər.
Tədbirdə universitet əməkdaşları Vətən müharibəsindəki şərəfli xidmət yollarından, döyüş meydanında şahidi olduqları gerçəkliklərdən və keçdikləri çətinliklərdən danışıblar. Onlar qeyd ediblər ki, Azərbaycan Ordusunun qələbəsi yalnız qəhrəmanlıq və fədakarlıq nəticəsində mümkün olub və bu uğur hər bir azərbaycanlının qürur mənbəyidir.
Çıxış edənlər gənclərə elmli, vətənpərvər və məsuliyyətli olmağın vacibliyini xatırladaraq, hər bir tələbənin gələcəkdə ölkəmizin inkişafı və müdafiəsi üçün öz sahəsində layiqli töhfə verməli olduğunu vurğulayıblar.
Görüş səmimi müzakirələr şəraitində keçib, tələbələrin sualları cavablandırılıb. İştirakçılar belə tədbirlərin gənc nəslin milli ruhda formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.
Qeyd edək ki, universitetdə Vətən müharibəsinin 5illiyi münasibətilə MDU-nun Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilir.