2025-ci il 24 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Anım Günü”nə həsr edilmiş dəyirmi masa təşkil edilib.
Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açan MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş igid övladlarımızın əziz xatirəsinin daim hörmətlə anıldığını diqqətə çatdırıb. O, dövlətimizin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğıdan danışaraq tələbələrin vətənpərvər ruhda yetişdirilməsinin ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri olduğunu vurğulayıb. Dekan 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin Azərbaycan tarixində əbədi yaşadığını və bu il qeyd olunan Vətən müharibəsinin 5 illik yubileyinin dövlətçilik ənənələrinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Sonra dəyirmi masanın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun tələbələrindən İbrahim Məmmədov “İşğal illəri: torpaq itkisi, qaçqın və məcburi köçkünlərin taleyi, beynəlxalq hüququn susqunluğu”, Ayşən Abullayeva “44 günün dastanı: Şəhidlik zirvəsi, qəhrəmanlıq nümunələri və qazanılan tarixi zəfər”, Nicat Qasımlı “Zəfərdən sonrakı reallıqlar: Sülh çağırışları, təxribatlar və dövlətin qəti mövqeyi” və Gülçin Qafarzadə “Qarabağda mina təhlükəsizliyinin təmin edilməsi” mövzularında məruzələrlə çıxış ediblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan dəyirmi masa müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, universitetdə Vətən müharibəsinin 5 illiyi münasibətilə MDU-nun Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilir.