2024-cü ilin aprelin 5-də Mingəçevir Dövlət Universitetində (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki yığıncağı keçirilib.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İclasda MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantlar iştirak ediblər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv-təşkilatı –Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə kollektivə qurumun sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdırdıqdan sonra ATİAHİ Respublika Komitəsinin fəaliyyəti haqqında geniş məlumat verib. O, təhsil müəssisələri ilə olan mövcud əlaqələrə həmişə böyük önəm verildiyini diqqətə çatdırıb.
İclasın gündəliyinə uyğun olaraq əvvəlcə MDU-nun HİK-nın sədri Ariz Abbasov və HİK-nın təftiş komissiyasının sədri Nazim Niftəliyevin təqdim etdiyi hesabat dinlənilib. HİK-nın universitetdə gördüyü işlərdən, tələbələrin sosial və akademik həyatında oynadığı əhəmiyyətli roldan danışılıb. Bildirilib ki, universitet daxilində fəaliyyət göstərən HİK yarandığı gündən əməkdaşların və tələbələrin əmək şəraitinin yaxşılaşdırılmasında, maddi və mədəni səviyyəsinin yüksəldilməsində önəmli rol oynayıb, onların hər birinin əməklə bağlı sosial hüquqlarının müdafiə olunması sahəsində əməli işlər görüb.
Sonra komitənin yeni tərkibinin seçilməsi məsələsinə baxılıb. Açıq səsvermə yolu keçirilən seçkidə HİK-nın, Təftiş Komisiyasının və THİK-nın yeni tərkibi təsdiq olunub.
Sədr müavini M.Cəfərzadə MDU-nun rektoru Şahin Bayramovun ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 100 illiyi ilə əlaqədar olaraq “Yubiley döş nişanı”nı ilə təltif edildiyini bildirib. M.Cəfərzadə döş nişanını rektora şəxsən təqdim edib və həmkarlar ittifaqı hərəkatında göstərdiyi xidmətlərinə görə ona minnətdarlığını ifadə edib.
Rektor Ş.Bayramov ona göstərilən etimada və diqqətə görə Həmkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını çatdırıb. Universitet haqqında danışan rektor eyni zamanda, MDU-nun HİK və THİK-nın aktiv fəaliyyətinə toxunub. Ş.Bayramov MDU ilə ATİAHİ arasında əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyini əminliklə vurğulayıb.