MDU-nun İndoneziya və Malayziya Universitetləri ilə Tərəfdaşlığı Tələbə Mobilliyində Yeni Mərhələ Açır

Mingəçevir Dövlət Universiteti son dövrdə beynəlxalq akademik əməkdaşlıq istiqamətində atdığı addımlarla diqqət çəkir və bu proses artıq formal razılaşmalardan daha çox real məzmunlu tərəfdaşlıq mərhələsinə keçid kimi xarakterizə olunur. İndoneziyanın BINUS University, Malayziyanın INTI International University və Asia Pacific University of Technology and Innovation universitetləri ilə imzalanan əməkdaşlıq memorandumları universitetin beynəlxalqlaşma strategiyasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir.

Hər üç universitetə təşkil olunan işgüzar səfərlər çərçivəsində müasir tədris mühiti, rəqəmsal öyrənmə platformaları, elmi-tədqiqat laboratoriyaları, innovasiya və sahibkarlıq mərkəzləri ilə yaxından tanışlıq imkanı əldə olunub. Görüşlər zamanı universitetlər arasında qarşılıqlı əməkdaşlığın konkret fəaliyyətlər üzərində qurulması, birgə layihələrin həyata keçirilməsi və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılması məsələləri müzakirə olunub. Müzakirələrdə 5 tələbə, 2 müəllim və 2 inzibati heyət mübadiləsi, birgə elmi tədqiqatların aparılması- xüsusi ilə beynəlxalq konfransların keçirilməsi, beynəlxalq qrant layihələrində ortaq iştirak, innovasiya və texnologiya transferi, rəqəmsal transformasiya və akademik inkişaf istiqamətləri ön plana çıxıb. Xüsusilə tələbələrin semestrlik və qısamüddətli mübadilə proqramlarında iştirakı, akademik kreditlərin qarşılıqlı tanınması, müəllimlərin qonaq mühazirəçi qismində fəaliyyət göstərməsi və inzibati heyətin peşəkar inkişaf məqsədilə təcrübə mübadiləsinə cəlb olunması istiqamətində geniş imkanların yaradılması nəzərdə tutulur.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri də MDU tələbələrinin beynəlxalq akademik mühitə inteqrasiyasının gücləndirilməsidir. Bu çərçivədə mühəndislik və texnologiya sahələrində təhsil alan tələbələrin İndoneziya və Malayziyada fəaliyyət göstərən tərəfdaş universitetlərdə təşkil olunan yay məktəblərində, qısamüddətli akademik proqramlarda və tələbə mübadiləsi layihələrində iştirakının təşviq edilməsi planlaşdırılır. Tələbələrin müasir laboratoriyalarda praktiki bilik və bacarıqlar əldə etməsi, innovasiya ekosistemləri ilə tanış olması və beynəlxalq təcrübə qazanması onların peşəkar inkişafına mühüm töhfə verəcəkdir.

Bununla yanaşı, beynəlxalq və regional səviyyəli birgə konfransların, seminarların, yay məktəblərinin, elmi forumların və tədqiqat layihələrinin təşkili ilə bağlı əməkdaşlıq perspektivləri də müzakirə olunub. Xüsusilə birgə elmi nəşrlərin hazırlanması və beynəlxalq tədqiqat konsorsiumlarında iştirak imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq edilən universitetlərin beynəlxalq reytinqlərdə yüksək mövqelərdə təmsil olunması və qlobal akademik şəbəkələrdə fəal iştirak etməsi MDU üçün əlavə üstünlüklər yaradır. Bu tərəfdaşlıqlar universitetin beynəlxalq görünürlüğünün artırılmasına, xarici tələbə və müəllimlərin cəlb edilməsinə, elmi tədqiqat və nəşr fəaliyyətinin gücləndirilməsinə, eləcə də beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılmasına mühüm töhfə verə bilər.

Ümumilikdə, İndoneziya və Malayziyanın aparıcı universitetləri ilə qurulan əməkdaşlıq əlaqələri MDU-nun beynəlxalqlaşma strategiyasında yeni mərhələ kimi qiymətləndirilir. Bu tərəfdaşlıqlar universitetin qlobal akademik şəbəkəyə inteqrasiyasını sürətləndirməklə yanaşı, tələbə və müəllim mobilliyinin genişlənməsinə, birgə elmi fəaliyyətlərin artmasına və MDU-nun beynəlxalq ali təhsil məkanında daha görünən mövqe qazanmasına xidmət edəcəkdir.