Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsində təhsil alan bir qrup tələbə, Pedaqogika və psixologiya kafedrasının müəllimi Günel Nəcəfovanın rəhbərliyi ilə Mingəçevir şəhərində yerləşən “Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə “İnklüziv təhsil və bərabər imkanların təmin edilməsi” mövzusunda inklüziv təhsil üzrə təlim və təcrübə görüşü həyata keçirmişlər.
Mərkəzdə təşkil olunan təlim və təcrübə görüşünün məqsədi pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrə inklüziv təhsilin nəzəri və praktik əsaslarını aşılamaq, gələcək müəllimlərin sağlamlıq imkanları məhdud şagirdlərlə işləmək bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək olmuşdur. Tədbir çərçivəsində tələbələr mərkəzdə təhsil alan uşaqlarla birgə fəaliyyət göstərmiş, inklüziv təhsilin prinsiplərini praktik müstəvidə tətbiq edərək bu sahədə təcrübə qazanmışlar.
Görüş zamanı inklüziv təhsil sahəsində zəruri bilik və bacarıqlar, o cümlədən universal öyrənmə dizaynının tətbiqi, sinifdaxili strategiyaların qurulması, müəllimlərin özünütəhlil bacarıqlarının inkişaf etdirilməsi, valideynlər və mütəxəssislərlə (psixoloq, loqoped, xüsusi pedaqoq və s.) əməkdaşlıq formaları, inklüziv siniflərdə planlaşdırma, tədrisin təşkili və qiymətləndirmə prosesinin aparılması məsələləri əhatə olunmuşdur.
Bununla yanaşı, tələbələr inklüziv qiymətləndirmənin əsas elementlərini — şagirdlərin fəaliyyət məhsullarının təhlili, onların öyrənmə və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıya qoyulan təlim məqsədlərinə nail olunmasının təmin edilməsi üzrə praktik bacarıqları mənimsəmişlər.
Təlim və təcrübə görüşü, eyni zamanda, uşaqların keyfiyyətli təhsilə çıxışının genişləndirilməsi, fərdi ehtiyaclara uyğunlaşdırılmış öyrənmə mühitinin qurulması və təhsildə heç kimin kənarda qalmaması prinsiplərinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Bu təşəbbüs gələcək müəllimlərin sosial həssaslıq, etik yanaşma və inklüziv məktəb mədəniyyətinin formalaşdırılması istiqamətində peşəkar hazırlığını gücləndirməklə yanaşı, ailə–mərkəz–məktəb əməkdaşlığının möhkəmləndirilməsinə də töhfə vermişdir.
Qeyd edək ki, bu kimi praktik yönümlü fəaliyyətlər universitet–icma əməkdaşlığının genişləndirilməsinə, xüsusi qayğıya ehtiyacı olan uşaqların dəstəklənməsinə, psixoloji rifahın gücləndirilməsinə və bərabər imkanların təşviqinə xidmət etməklə cəmiyyətin daha inklüziv və dayanıqlı inkişafına yönəlmiş təşəbbüslər sırasında yer alır.