Mingəçevir Dövlət Universitetində “İnsan Hüquqları və Təchizat Zəncirində Şəffaflıq” mövzusunda təlim keçirilib.

  • Рубрика записиMDU xəbərləri

Universitetdə hüquq və insan resursları sahəsində aktual məsələlərə həsr olunmuş bu təlim tələbə və əməkdaşların bilik və bacarıqlarının artırılmasına yönəlib. “Şəffaflıq və Təchizat Zəncirində İnsan Hüquqları Standartları” mövzusunda təşkil olunan təlimi universitetin hüquqşünası Polad Atayev və İnsan Resursları Şöbəsinin mütəxəssisi Arzu Əlləzova aparıblar.

Təlimin əsas məqsədi iştirakçılara təchizat zəncirində şəffaflıq prinsiplərinin tətbiqi, insan hüquqları standartlarının qorunması və bu sahədə mövcud hüquqi çərçivə barədə ətraflı məlumat vermək olub. Tədbir çərçivəsində xüsusilə işçi hüquqlarının müdafiəsi, etik davranış qaydaları, şəffaf idarəetmə mexanizmləri və müəssisələrin sosial məsuliyyətinin artırılması kimi mühüm mövzular geniş müzakirə edilib.

Təlim zamanı çıxış edən Polad Atayev təchizat zəncirinin idarə olunmasında insan hüquqları prinsiplərinə riayət edilməsinin əhəmiyyətini vurğulayaraq, bu yanaşmanın təşkilatlar üçün həm hüquqi risklərin azaldılması, həm də institusional etibarın gücləndirilməsi baxımından mühüm rol oynadığını qeyd edib.

İnteraktiv müzakirələr və praktiki nümunələrlə zənginləşdirilən təlim iştirakçılara beynəlxalq təcrübə, mövcud normativ-hüquqi baza və bu sahədə tətbiq olunan ən yaxşı yanaşmalar barədə geniş məlumat əldə etmək imkanı yaradıb.

Təlimin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, mövzu ilə bağlı suallar cavablandırılıb və gələcəkdə bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.