Mingəçevir Dövlət Universitetində invaziv növlərin ekosistemə təsirinə həsr olunmuş seminar keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində Fizika və ekologiya kafedrasının müəllimi Mirzəyeva Aliyə tərəfindən “Kimya və biologiya müəllimliyi” ixtisasının I kurs tələbələri üçün “İnvaziv növlər və ekosistemin tarazlığı” mövzusunda seminar keçirilib.

Seminarın əsas məqsədi tələbələrə bioloji müxtəlifliyi təhdid edən əsas amillər, invaziv növlərin ekosistemlərə təsiri və bu sahədə müasir yanaşmalar barədə biliklərin aşılanması olub.

Tədbir çərçivəsində invaziv növlərin yalnız yad növlər deyil, eyni zamanda ekosistem üçün ciddi təhlükə mənbəyi olduğu vurğulanıb. Bildirilib ki, bu növlər ekoloji tarazlığı pozmaqla yanaşı, qlobal iqtisadiyyata da ciddi ziyan vurur və illik zərərin 400 milyard ABŞ dollarından artıq olduğu qeyd olunub.

Seminar zamanı Xəzər dənizində balıqçılıq sahəsinə mənfi təsir göstərən Mnemiopsis leidyi növü, eləcə də Qafqaz meşələrində yayılaraq ciddi ekoloji problemlər yaradan şümşad odlucası kimi konkret nümunələr təqdim edilib.

Eyni zamanda invaziv növlərlə mübarizə istiqamətində “3-lü müdafiə xətti” – gömrük nəzarəti, erkən aşkarlama və operativ müdaxilə mexanizmlərinin əhəmiyyəti diqqətə çatdırılıb.

Seminar interaktiv müzakirələrlə davam edib, tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində bioloji müxtəlifliyin qorunması, ekosistemlərin davamlı idarə olunması və ekoloji maarifləndirmənin gücləndirilməsi istiqamətində mütəmadi olaraq belə maarifləndirici tədbirlər təşkil olunur.