MDU-nun İctimai Nəzarət Şurasının üzvlərilə görüş keçirilib

2023-cü il dekabrın 30-da Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının (İNŞ) üzvləri ilə növbəti görüş keçirilib.

İlin yekunlarına həsr olunmuş görüşdə MDU-nun rektoru Şahin Bayramov 2023-cü ildə universitetdə görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü ilin ölkədə “Heydər Əliyev İli” elan edilməsi ilə əlamətdar olduğunu vurğulayan rektor Ümummilli Liderimizin anadan olmasının 100-cü ildönümü münasibətilə universitetdə keçirilmiş çoxsaylı və müxtəlif formatlı tədbirlərdən bəhs edib. Bildirib ki, dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və təbliği universitet fəaliyyətinin əsas prioritetlərindəndir.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz gücü sayəsində suverenliyimizin tam təmin olunması ilə 2023-cü ilin xalqımızın şanlı tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd edən rektor hesabat dövründə universitetdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə töhfə verən fəaliyyətlərdən bəhs edib. Diqqətə çatdırıb ki, Aprel döyüşləri, 44 Günlük Vətən Müharibəsi, Anım Günü, Zəfər Günü və digər tarixi əlamətdar hadisələrin silsilə tədbirlərlə qeyd olunması, müəllim və tələbə kollektivinin şəhid ailələrini ziyarət etməsi və qazilərlə görüşlərin keçirilməsi MDU-da ənənə halını alıb və gənclərin Vətənə, xalqa və dövlətə bağlı ruhda yetişdirilməsinə xidmət edib.

Eyni zamanda, Mingəçevirin 2023-cü ilin “Gənclər paytaxtı” seçilməsi və yaradılmasının 75 illiyinin qeyd edilməsinin MDU-nun çoxşaxəli fəaliyyətlərində də öz əksini tapdığını qeyd edən Ş.Bayramov bu istiqamətlərdə də universitetin yüksək fəallığı ilə fərqlənməsindən və şəhər ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmasından məmnunluğunu ifadə edib.

2023-cü ildə MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, elm və innovasiya fəaliyyətinin səmərəliliyinin artırılması, idarəetmənin effektivliyinin yüksəldilməsi, tələbə və məzunlarla işin təkmilləşdirilməsi, kadr potensialının inkişafı və digər sahələrdə həyata keçirilmiş tədbirlərdən bəhs edən Ş.Bayramov universitetin potensialının gücləndirilməsinə və akademik mühitin əlverişliliyinin artırılmasına hədəflənən bu addımların uğurla nəticələnməsində sənaye ilə işbirliyinin, yerli və beynəlxalq tərəfdaşlıqların davamlı inkişaf etdirilməsinin mühüm rol oynadığını bildirib.

Bununla yanaşı, universitetin müasirləşməsində cəmiyyətlə davamlı kommunikasiyanın önəmindən danışan rektor MDU-da hesabatlılıq mədəniyyətinin inkişaf etdirilməsi, əldə olunan nəticələrin geniş ictimaiyyətə çatdırılması və onlardan daxil olan rəy və təkliflərin diqqətdə saxlanılmasının da bütövlükdə universitet fəaliyyətinə müsbət təsir göstərdiyini qeyd edib.  Əsas məqsədi universitet idarəçiliyində şəffaflığın artırılmasından və ictimai hesabatlılığın təmin edilməsindən ibarət olan MDU İctimai Nəzarət Şurasının yaradılmasının dörd ilinin tamam olduğunu xatırladan rektor Mingəçevir şəhərinin tanınmış və nüfuzlu ziyalılarının təmsil olunduğu bu təsisatın 2023-ci ildə universitet həyatının inkişafındakı rolundan və perspektiv əhəmiyyətindən bəhs edib.

Növbəti illərdə də, şəffaf və daha çevik universitet idarəetmə modelinin yaradılması, rəqəmsal həllərdən istifadənin artırılması, tələbəmərkəzli müasir ali təhsil mühitinin formalaşdırılmasının strateji fəaliyyət istiqamətləri olaraq diqqət mərkəzində saxlanılacağını vurğulayan Ş.Bayramov qarşıda duran vəzifələri diqqətə çatdırıb. Rektor 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Şura üzvlərini təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Səmimi formatda davam edən görüşdə Şura üzvləri çıxış edərək 2023-cü ilin xalqımıza böyük qürur və fəxarət hissləri yaşadan möhtəşəm tarixi hadisələrlə və nailiyyətlərlə yadda qaldığını qeyd ediblər.

MDU-nun əsas missiyasının dayanıqlı inkişafa töhfə verən yüksək ixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və cəmiyyətə faydalı sosial xidmətlər göstərmək olduğunu diqqətə çatdıran Şura üzvləri bununla bağlı hesabat dövründə universitetdə həyata keçirilən çoxşaxəli fəaliyyətlərdən məmnunluqlarını bildiriblər. Görülən işlərin bu ali təhsil müəssisəsinin milli ali təhsil məkanında və cəmiyyətdə mövqeyini daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə edən Şura üzvləri universitet rəhbərliyinə və kollektiv üzvlərinə bayram təbriklərini çatdırıblar.

Sonra, İNŞ üzvlərinə rektor Ş.Bayramovun müəllifliyi ilə yeni nəşr olunmuş “Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda” adlı kitab təqdim edilib və xatirə şəkilləri çəkdirilib.