MDU-nun tərəfdaşlığı ilə “Davamlı inkişafı təmin edən innovativ texnologiyalar” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib

2024-cü ilin 17-18 may tarixlərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nin proqramına əsasən beynəlxalq elmi-praktik konfrans keçirilib.

Mingəçevir Dövlət Universiteti (MDU), Qazi Universiteti və Azərbacan Texniki Universitetinin (AzTU) birgə  təşkilatçılığı ilə keçirilən  konfrans “17 may – Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü”nə həsr olunub.

“Davamlı inkişafı təmin edən innovativ texnologiyalar”, həmçinin “Kibertəhlükəsizlik və ətraf mühitin mühafizəsi: rəqəmsal ekosistemdə problemlər və imkanlar” mövzularında təşkil olunan beynəlxalq elmi-praktik konfrans onlayn formatda baş tutub.

Konfransa Azərbaycan və Türkiyənin bir sıra ali təhsil müəssisələrinin, elmi tədqiqat institutlarının və MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri, tədqiqatçılar qatılıb.

“Zoom” platforması üzərindən aparılan konfransa Qazi Universitetinin Kompüter mühəndisliyi kafedrasının müdiri, Prof. Dr. Ayhan Erdem moderatorluq edib.  

Giriş sözü ilə Qazi Universitetinin prorektoru Prof.Dr. Ramazan Bayındır, AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov çıxış edərək tədbirin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, qardaş ölkələr  arasında qurulan mövcud əlaqələrin elm və təhsil sahəsində də uğurla davam etdirilməsi qarşılıqlı keçirilən beynəlxalq konfransların ali təhsil müəssisələrinin elmi potensialının gücləndirilməsində əhəmiyyəti olduqca böyükdür. Bu cür tədbirlər akademik mübadilələri və əməkdaşlıqları təşviq edərək tədqiqatçıların və tələbələrin bilik və bacarıqlarını artırmağa kömək edir, elmi araşdırmaların keyfiyyətini yüksəldir və innovativ layihələrin həyata keçirilməsinə şərait yaradır. Həmçinin bu kimi konfransların elmi ictimaiyyətin beynəlxalq səviyyədə əlaqələrinin möhkəmləndirilməsinə, ortaq tədqiqatların inkişafına və yeni biliklərin yaradılmasına da mühüm töhfələr verdiyini vurğulayan alimlər ali təhsil müəssisələri arasında yaradılan belə əməkdaşlıqların gələcəkdə də elm və təhsilin müxtəlif sahələrində daha böyük nailiyyətlərə yol açacağını qeyd ediblər.

Açılış nitqlərindən sonra konfransın birinci bölməsinin məruzələri dinlənilib.

Qazi Universitetindən A.Erdem “Süni intellekt etikası və etibarlılıq”, Sinan Toklu “Keçmişdən bu günə təbii dil emalı”, AzTU-dan Yadigar İmamverdiyev “İqlim dəyişikliyi və kibertəhlükəsizliyin kəsişmə nöqtələri” Cavad Nəcəfli “Yaşıl hidrogen sahəsində süni intellekt tətbiqləri”, MDU-dan Aidə Mustafayeva “İnnovativ Texnologiyalar: Davamlı və dayanıqlı inkişafa aparan yol” və Asudə Abdurrahmanova “UX/UI dizayn – rəqəmsal cəmiyyətin dayanıqlı inkişafını təmin edən atribut kimi” mövzularında təqdimatla çıxışlar ediblər.

18 may 2024-cü ildə keçirilən ikinci bölmədə MDU-nun Mühəndislik fakültəsinin dekanı, dosent Almaz Əliyevanın moderatorluğu ilə məruzələr təqdim olunub.

Qazi Universitetindən Necaattin Barışçı “Generativ şəbəkələrlə ontologiyaya əsaslanan ümumiləşdirilmiş sıfır vuruşlu öyrənmə”, Esra Söğüt “SCADA sistemləri və kiber təhlükəsizlik arasında əlaqə”, Ali Akçayol “Dərin öyrənmə modelləri”, AzTU-dan Məhəmməd Hüseynli  “Blokçeynlərdə miqyaslanma üçün offçeyn hesablamaları”, Hüseyn Cəfərli, Fərid Qasımlı “Kibertəhlükəsizlik bulud xudməti kimi – Arxitektura və konsepsiya təklifi”, MDU-dan Elvin Muradzadə “Rəqəmsal inkişaf dövründə kibertəhlükəsizliyin təmin edilməsinə innovativ yanaşmalar: problemlər, strategiyalar və perspektivlər”, Leyla İsmayılzadə, Dinarə İslamova “Türizmin davamlı və dayanıqlı inkişafında innovativ texnologiyaların rolu” və Məryəm Əsədova “Ağıllı şəhərlər və rəqəmsal infrastruktur: davamlı inkişaf perspektivləri” mövzularında təqdimatla çıxışlar ediblər.

Hər 3 universitetin professor-müəllim heyəti üzvlərinin təqdim etdikləri məruzələr böyük maraqla qarşılanıb. Sonda müzakirələr aparılıb.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müxtəlif tədbirlər keçirilir.