Mingəçevir şəhər Mərkəzi Kitabxanada Mingəçevir Dövlət Universitetinin Ömürboyu Təhsil Məktəbində qiyabi formada təhsil alan Nurməhəmməd İsmayıllının müəllifi olduğu “Sınmayan iradə, üfüqdə parlayan işıq” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə kitabxananın əməkdaşları, müəllifin valideynləri, MDU-nun bir qrup tələbə və müəllimi, eləcə də şəhər oxucuları iştirak ediblər.
Təqdimat mərasimində çıxış edənlər kitabın məzmunu, ideya istiqaməti və gənclər üçün daşıdığı motivasiyaedici əhəmiyyət barədə fikirlərini bölüşüblər. Bildirilib ki, əsərdə müəllifin həyat yolu, qarşılaşdığı çətinliklər və bu çətinliklərin öhdəsindən gəlmək üçün nümayiş etdirdiyi iradə nümunəvi xarakter daşıyır və gənclər üçün mühüm ilham mənbəyidir.
Tədbir çərçivəsində çıxış edən Nurməhəmməd İsmayıllı kitabın ərsəyə gəlmə prosesi, yazılmasına təsir edən amillər və oxuculara çatdırmaq istədiyi əsas mesajlar haqqında ətraflı məlumat verib. Müəllif çıxışında ona göstərilən dəstəyə görə ailəsinə, universitetə və ətrafındakı insanlara təşəkkürünü bildirib. Onun səmimi çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd olunub ki, fiziki məhdudiyyətli olmasına baxmayaraq, Nurməhəmməd İsmayıllı öz əzmi və həyata bağlılığı ilə fərqlənərək uğur hekayəsinə çevrilib. Təqdim olunan kitab yalnız bədii əsər kimi deyil, eyni zamanda cəmiyyət üçün motivasiya mənbəyi kimi dəyərləndirilib.
Sonda iştirakçılar tərəfindən müəllifə suallar ünvanlanıb, fikir mübadiləsi aparılıb və tədbir xoş təəssüratlarla başa çatıb.
Qeyd edək ki, bu kimi təşəbbüslər Mingəçevir Dövlət Universitetində inklüziv təhsilin təşviqinə, tələbələrin yaradıcılıq potensialının dəstəklənməsinə və onların cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir.