Mingəçevir Dövlət Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunan elmi-praktiki konfrans keçirilib

2025-ci il noyabrın 7-də Mingəçevir Dövlət Universitetində (MDU) Zəfər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Universitetin ikinci tədris binasının akt zalında keçirilən konfransda MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra 8 Noyabr – Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

Konfransı MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova açaraq çıxış edib.O, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycan xalqının milli iradəsinin, dövlət-xalq birliyinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin təntənəsi olduğunu vurğulayıb. O, çıxışı zamanı gənclərin vətənpərvər ruhda formalaşmasının ölkəmizin gələcəyi üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. E.Cəfərova vurğulayıb ki, gənc nəslin milli dəyərlər ruhunda tərbiyə olunması, dövlətçilik ideyalarına sədaqət və Vətənə bağlılıq hissinin gücləndirilməsi hər bir təhsil müəssisəsinin əsas vəzifələrindən biridir. O, həmçinin tələbə gənclərin maarifləndirilməsi, onların milli-mənəvi dəyərlərə, dövlət rəmzlərinə, qəhrəmanlıq tariximizə hörmət ruhunda yetişdirilməsinin zəruriliyini önə çəkib. Gənclərin elmə, təhsilə və ictimai fəaliyyətə marağının artırılmasının vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Daha sonra konfransda MDU-nun Riyaziyyat kafedrasının müdiri, müharibə veteranı Rövşən Babayev “Müharibədən Zəfərə: döyüş xatirələrindən milli qürura”, Təhsil fakültəsinin dekan müavini Aygün Qədirova “Qarabağ uğrunda mübarizənin tarixi kökləri və Zəfər Gününə aparan yol”, baş müəllim, Səadət Ağakişiyeva “Zəfər və ədəbiyyat: milli ruhun bədii ifadəsi” və baş müəllim Mətanət Yusifova “Zəfər ruhu müasir Azərbaycanın siyasi, mədəni və mənəvi həyatında” mövzularında məruzələrlə çıxış ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələrdən sonra MDU-nun tələbəsi, Vətən müharibəsi iştirakçısı Qüdrət Məmmədov öz keçdiyi döyüş yolundan bəhs edib və Zəfər Gününə həsr etdiyi şeiri ilə çıxış etmişdir.

Qeyd edək ki, tədbirin təşkilində məqsədi Azərbaycan xalqının və ordusunun şanlı Qələbəsini anmaq, Vətən müharibəsində əldə olunan tarixi Zəfərin milli həmrəyliyimizdə və dövlətçilik tariximizdə oynadığı mühüm rolu gənc nəslə çatdırmaq olub.