2026-cı ilin 22 fevral tarixində Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Kiçik və orta bizneslərin innovativ layihələrlə dəstəklənməsi” mövzusunda forum keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, sahibkarlar, ekspertlər və müxtəlif təşkilatların təmsilçiləri iştirak edərək kiçik və orta biznes (KOB) sektorunun inkişafına yönəlmiş yeni yanaşmaları və əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Forum çərçivəsində çıxış edən “Micron” MMC-nin direktoru İsfəndiyar Hacıyev kiçik və orta bizneslərin inkişafında innovativ layihələrin rolundan bəhs edib, müasir texnologiyaların tətbiqi, rəqəmsallaşma və innovasiya yönümlü biznes modellərinin KOB-ların rəqabət qabiliyyətinin artırılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbir zamanı kiçik və orta bizneslərin innovativ layihələr vasitəsilə gücləndirilməsi, onların yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və sahibkarlıq fəaliyyətinin daha effektiv təşkili ilə bağlı məsələlər geniş müzakirə olunub. İştirakçılar innovasiya yönümlü sahibkarlığın təşviqi, startap ekosisteminin inkişafı və dövlət–özəl sektor tərəfdaşlığı əsasında formalaşan yeni əməkdaşlıq modelləri barədə fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı texnologiyaların tətbiqi, rəqəmsallaşma, innovativ maliyyələşmə mexanizmləri və biznes mühitinin yaxşılaşdırılması kimi məsələlərin KOB-ların davamlı inkişafında mühüm rol oynadığı qeyd olunub. Eyni zamanda universitetlər, tədqiqat mərkəzləri və biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin innovativ ideyaların praktik layihələrə çevrilməsinə töhfə verə biləcəyi vurğulanıb.
Forum çərçivəsində iştirakçılar KOB-ların innovativ layihələr vasitəsilə yeni məhsul və xidmətlər yaratması, beynəlxalq təcrübədən faydalanması və regional iqtisadi inkişafda daha fəal rol oynaması üçün mövcud imkanları da müzakirə ediblər.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində təşkil olunan bu kimi təşəbbüslər universitet–sənaye əməkdaşlığının gücləndirilməsinə, innovativ sahibkarlıq mühitinin inkişafına və gənclərin biznes və startap təşəbbüslərinə cəlb olunmasına mühüm töhfə verir.