2025-ci ilin 6 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) ev sahibliyi ilə keçirilən “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı III Beynəlxalq Konfrans çərçivəsində “Əsas məruzəçilər” adlı sessiya baş tutub.
Sessiyaya Kral Abdullah Neft Tədqiqatları və Araşdırmalar Mərkəzinin (KAPSARC) tədqiqatçısı, dosent Ceyhun Mikayılov moderatorluq edib.
Bu xüsusi sessiya dünya üzrə nüfuzlu universitetlərin tanınmış alimlərini bir araya gətirərək davamlı inkişaf, qlobal iqtisadiyyat, maliyyə sabitliyi, ərzaq siyasəti, qeyri-müəyyənlik şəraitində qərar qəbuletmə və enerji-investisiya modelləri kimi strateji əhəmiyyətli sahələrdə ən yeni elmi yanaşmaların müzakirəsinə imkan yaradıb.
ABŞ-ın Fordham Universitetindən dəvət olunmuş Prof. İftekhar Hasan “Qlobal siyasi əlaqələr və qlobal maliyyə dövriyyəsi” mövzusunda çıxış edərək beynəlxalq siyasi münasibətlər sisteminin maliyyə bazarları üzərində yaratdığı təsirləri təhlil edib. Alim geosiyasi risklərin kapitallaşmaya, transsərhəd sərmayələrə və maliyyə institusionalizasiyasına təsir mexanizmlərini müasir empirik nümunələr əsasında izah edib.
Texas A&M Universitetinin tanınmış alimlərindən Prof. Rodolfo Nayga qida təhlükəsizliyi və ərzaq bazarlarının idarə olunması ilə bağlı innovativ yanaşmalar təqdim edib. Onun “Laboratoriya şəklində ət bazarı” mövzusunda məruzəsi istehlakçı davranışlarının davamlı istehsal modellərinə təsirini və bu proseslərin gələcək ərzaq siyasətini necə formalaşdıra biləcəyini diqqətə çatdırıb.
Serbiyanın Belqrad Universitetindən Prof. Dr. Dragan Pamucar qərar qəbuletmə nəzəriyyəsində yenilikçi yanaşmalar barədə danışıb. Məruzədə qeyri-müəyyən mühitlərdə məlumatların işlənməsi, defazzifikasiya prosesləri və çoxmeyarlı qərar qəbuletmə sistemləri üçün inkişaf etdirdiyi yeni metodologiyalar təqdim olunub. Bu yanaşmalar xüsusilə enerji, logistika, strateji planlaşdırma və təhlükəsizlik sahələrində tətbiq edilə bilər.
İstanbul Medipol Universitetinin alimi Prof. Hasan Dinçer mikroşəbəkə layihələrinə sərmayə yatıran investorlar üçün hazırladığı “Q-Ranqlı Ortoçift Qeyri-səlis Hibrid Qərar qəbuletmə Yanaşması”nı təqdim edib. Məruzə dayanıqlı enerji sahəsində investisiya risklərinin daha dəqiq qiymətləndirilməsi və crowdfunding (kütləvi maliyyələşmə) platformalarının səmərəliliyinin artırılması baxımından mühüm elmi-praktik əhəmiyyət daşıyır.
“Əsas məruzəçilər” paneli konfransın yüksək elmi səviyyəsini nümayiş etdirməklə yanaşı, müxtəlif elmi məktəblərin ideya və təcrübələrinin bir araya gəlməsinə şərait yaradıb. Sessiyada təqdim olunan mövzular qlobal iqtisadi sistemdən ərzaq təhlükəsizliyinə, süni intellekt dəstəkli qərar modellərindən enerji investisiyalarına qədər geniş spektri əhatə etməklə, dayanıqlı inkişaf üzrə çoxölçülü yanaşmanın vacibliyini bir daha ortaya qoyub.
Sessiyanın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.
Qeyd edək ki, bu bölmə Konfransın elmi müzakirələrə verdiyi töhfəni gücləndirməklə yanaşı, yeni tədqiqat istiqamətlərinin və beynəlxalq əməkdaşlıqların formalaşmasına da stimul yaradıb.