Mingəçevirdə “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı keçirilib

  • Рубрика записиMDU xəbərləri

İyul ayının 9-da Mingəçevir şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetinin akt zalında QƏRBİ AZƏRBAYCAN İRSİ: “Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” HESABATAR VƏ MATERİALLAR kitabının I cildinin təqdimat mərasimi keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, millət vəkili Aydın Mirzəzadə, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin, etnik təmizləmə nəticəsində Qərbi Azərbaycandan deportasiya zamanı dünyasını dəyişən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

QƏRBİ AZƏRBAYCAN İRSİ tədqiqatlar seriyası filminə baxış keçirilib.

İlk olaraq Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent İlham İsmayılov “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar” kitabının tarixi əhmiyyəti haqqında geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, Azərbaycan xalqı ötən əsrdə bir neçə dəfə ermənilər tərəfindən öz ata-baba yurdlarından deportasiya olunmuş, müxtəlif təzyiqlərə, soyqırımlarına məruz qalmışlar. Sonuncu dəfə 1988-1989-cu illərdə ermənilər tərəfindən 200 mindən çox soydaşımız deportasiya olunaraq Qərbi Azərbaycandan qovulmuşlar. 1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi yaranmış və etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpasını qarşıya məqsəd qoymuşdur. 2022-ci ilin avqust ayının 3-də İctimai Birliyin keçirdiyi yığıncaqda Qərbi Azərbaycan İcması yaradılmışdır. İcma eyni zamanda “Azərbaycan Qaçqınlar Cəmiyyəti”nin hüquqi varisi kimi fəlaiyyətə başlamışdır. 2022-ci il dekabr ayının 24-də ölkə Prezidenti cənab İlham Əliyev İcmanın inzibati binasında yaradılan şəraitlə tanış olmuş və bir qrup Qərbi Azərbaycandan olan ziyalılarla görüşmüşdür. Məhz bundan sonra “Qərbi Azərbaycan İcması” İctimai Birliyinin fəaliyyəti gücləndirilmişdir.

İcmanın qarşısında duran vəzifələrdən biri Qərbi Azərbaycanda Azərbaycan xalqının yaratdığı tarixi mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtması hüquqlarının təmin edilməsinə nail olmaqdır. Bu baxımdan Qərbi Azərbaycan İcmasının rəhbəri dosent Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə professor Ədalət Vəliyevin ideya müəllifi olduğu Qərbi Azərbaycan İrsi: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” Hesabatlar və materiallar kitabının I cildi ərsəyə gəlmişdir. Beş cilddən ibarət olması nəzərdə tutulan bu tədqiqatlar seriyasının I, II, III hesabatlarında Qərbi Azərbaycanda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlı qəbiristanlıqları, IV hesabatda Qərbi Azərbaycanda məhv edilən məscidlər, V hesabatda isə Qərbi Azərbaycanda dağıdılan və məhv edilən pirlər və türbələr haqqında məlumatlar öz əksini tapacaqdır. Bu təqdimat əsəri sanballı, elmi əsaslara söykənən araşdırmadır. Müəlliflər gərgin əmək sərf edərək elmi təhlillər aparmaqla gələcək nəsillərə dəyərinin qiymətləndirilməsi mümkün olmayan böyük bir miras qoymuşlar.

Ümummilli Lider ilk dəfə Azərbaycan Respublikasının qərbindəki indiki Ermənistan Respublikasının yerləşdiyi torpaqları tarixi və mənəvi əsasla Qərbi Azərbaycan kimi təqdim edərək demişdir: “….indiki Ermənistan adlanan ərazi Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olublar”.

Ölkə Prezidenti cənab İlham Əliyev bu nəzəri-təcrübi bazanı daha dda zənginləşdirmişdir. O, demişdir: ”Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır… İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpaqlarımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq”. Bu gün Qərbi Azərbaycan İcmasının apardığı işlər Ulu Öndərin dediklərinin və cənab Prezidentin tapşırıqlarının həyata keçirildiyinin əyani göstəricisidir. Qərbi Azərbaycan İrsi kitabının işıq üzü görən I cildi böyük monemental bir tədqiqat əsəridir. 896 səhifədən ibarət olan bu kitabın hər bir vərəqi elmi tarixi faktlarla zəngindir. Müəlliflərin də qeyd etdiyi kimi tədqiqatın məqsədi Ermənistan Respublikasında azərbaycanlılara məxsus maddi, mədəni irsin ən mühüm kompanentlərindən biri olan qəbiristanlıqların vəziyyətini sənədləşdirmək, həyata keçirilən diskriminasiya siyasətinin qəbiristanlıqların vəziyyətinə təsirini qiymətləndirməkdir. Eyni zamanda baş vermiş dağıntının miqyasının müəyyən edilməsi və dəyən zərərin müəyyənləşdirilməsidir. Bu tədqiqatın nəticəsində Ermənistanda 24 rayonda yalnız azərbaycanlıların yaşadığı 172, qarışıq şəkildə yaşanılan 105 yaşayış məntəqələrinin məlumat bazası formalaşdırılmışdır. Ümumilikdə bu tədqiqatda 201 azərbaycanlı qəbiristanlığının monitorinqi həyata keçirilmişdir. Məlum olmuşdur ki, 157 qəbiristanlıq tamamilə məhv edilmiş, 42 qəbiristanlıq isə ağır formada dağıntılara məruz qalmışdır. Bunlardan 154 qəbiristanlığın məhvolma tarixini müəyyənləşdirmək mümkün olmuşdur. Aparılan tədqiqatların nəticələri Ermənistan Respublikası ərazisindəki Azərbaycan mədəni irsinə aid olan qəbiristanlıqların məhv edilməsinin məqsədyönlü və sistemli şəkildə həyata keçirildiyini göstərir. Bu baxımdan tədqiqatın böyük tarixi əhəmiyyəti vardır. Gələcək nəsil üçün bu kitab, eyni zamanda bu tədqiqatın davamı olan tədqiqatlar seriyası qiymətli bir mənbə hesab oluna bilər. Əmin ola bilərik ki, gələcək nəsillər bu tədqiqat əsərindən bəhrələnməklə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən xəbərdar olacaqlar.

Belə bir tədqiqat əsərini ərsəyə gətirdikləri üçün Qərbi Azərbaycan İcması rəhbərliyinə öz təşəkkürümü bildirir və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıram.

Tədbirdə millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə “İndiki Ermənistan Respublikası ərazisində azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması ilə bağlı müasir metodoloji təhlillər və şəxsi təəsüratlar”, Mingəçevir Dövlət Universitetinin rektoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Eminov “Qərbi Azərbaycan İrsi kitabının yazılmasında istifadə edilən texnoloji yeniliklər”, MDU-nun magistratura və doktorantura təhsil mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Məhərrəmova “Basarkeçər rayonunda Qərbi azərbaycanlılara məxsus qəbiristanlıqların mövcud vəziyyəti haqqında”, Qərbi Azərbaycan icmasınn Mingəçevir şəhəri üzrə nümayəndəliyinin rəhbəri, əməkdar müəllim Mayıl İsmayılov “Qərbi Azərbaycanda dağıdılmış qəbiristanlıqlarla bağlı məlumatlar yerli və xarici mətbuat səhifələrində” mövzularında məruzələrlə çıxış etmişlər.