Ölkəmizdə mövcud olan sabitlik hərbir investor üçün əsas şərtlərdən biridir

  • Рубрика записиXəbərlər (AZ)

Ölkəmizdə mövcud olan sabitlik hərbir investor üçün əsas şərtlərdən biridir

 

Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub.

Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasının təməlində dövlətin siyasəti dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər.

Yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və qeyri-neft sektorunun ixrac imkanları genişlənəcək.

İlk növbədə, təşkilati işləri görülməli və elə bir şərait yaradılmalı idi ki, investorları cəlb etsin. Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaları yaratmaq daha çətindir. Çünki əlverişli coğrafi vəziyyəti olan ölkələrdə bu zonalar çox böyük uğur qazanıb və ilk növbədə, coğrafi yerləşməyə görə. Ona görə, bu coğrafi vəziyyət nəzərə alınaraq daha da səmərəli işləmək və investorlar üçün daha da cəlbedici şərtlər təqdim etmək tələb olunurdu. İlk növbədə, qanunvericilik sahəsində işlər görülməli idi və Prezident İlham Əliyev tərəfindən 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzandı. 2018-ci ildə qanun qəbul edildi.. Qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı. Xüsusilə son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb. Əlbəttə ki, pandemiya da dünya iqtisadiyyatına mənfi təsir göstərib. Belə bir tarixi məqamda bu addımı atmaq, əlbəttə ki, həm böyük cəsarət tələb edir, həm də dövlətin inamına əsaslanır. Ona görə qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir. Bundan sonra 2018-ci ildə artıq praktiki işlərə başlanılmışdır.

İlk növbədə, Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq.Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Ələtin inkişaf perspektivi də çox uğurlu ola bilər. Əgər bu zona planda olduğu kimi formalaşsa, bu bölgənin inkişaf dinamikası ölkənin ümumi inkişafına da böyük müsbət təsir göstərəcək. Bu amillər bu yerin seçilməsində əsas rol oynamışdır. Eyni zamanda, buradan beynəlxalq dəhlizlər də keçir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələt ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər üçün seçilmişdir;

Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir.

Azərbaycan bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlayıb. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir. Digər vacib məsələ, müasir infrastrukturun mövcudluğudur. Bu infrastruktur son illər ərzində ardıcıl şəkildə yaradılıb. Bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə edilib. Potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə Azərbaycanın üstünlüyü göz qabağındadır.İnfrastruktur layihələrinin səviyyəsinə görə, elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin, dünya miqyasında ikinci yerdə. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar Azərbaycanın əldə etdiyi böyük uğurlardır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir. Çünki əsas infrastruktur layihələri artıq ya başa çatıb, ya da başa çatmaq üzrədir. İnvestorlar üçün bunlar çox önəmli şərtlərdir.

Azərbaycanda təhlükəsizlik təmin edilir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir. Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir.Bu amil çox önəmlidir. Digər vacib amil ondan ibarətdir ki, Azərbaycan Prezidentinin sözü ilə əməli heç vaxt fərqlənmir. Yəni, nəyi deyirsə, onu da edir..Bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazanılan Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və gələcəyə olan inam, xarici sərmayədarları bu zonaya cəlb edəcək.

Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək. Bununla bərabər, Prezident İlham Əliyev tərəfindən bütün xarici ölkələrdəki səfirliklərə öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat vermək göstəriş verilib.

Beləliklə, bir ildən sonra – gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Gözlənilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslər, bütün planlar həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirilən layihələr uğurla başa çatıb. Ona görə, bu zonanın yaradılması Azərbaycanın uğurunun növbəti addımı olacaqdır.

Ölkəmiz durmadan öz inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycan bugün nəinki regionun həmdə dünyanın əsas iqtsadi mərkəzinə çevrilməkdədir. Bu da bizləri ürəkdən sevindirir və ölkəmizlə hərzaman qürur duyuruq.

Yaşasın güclü Azərbaycan.

 

Ülkər Aşurova,

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent