2022-ci ilin 24-28 oktyabr tarixlərində dünya səviyyəli tədqiqat universiteti hesab edilən Lüksemburq Universitetinin doktorantı Nicat Hacıxanov Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ mübadilə proqramı çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) olub.
Universitetdə olduğu müddətdə N.Hacıxanov MDU-nun akademik və inzibati heyət üzvləri ilə görüşüb, gənc müəllimlər, tələbələr üçün seminarlar və təlimlər keçib.
Akademik və inzibati heyət üzvləri ilə görüşdə universitetlərarası əməkdaşlığın potensial inkişaf istiqamətlərindən söhbət açılıb və universitet həyatının müxtəlif sahələri ilə bağlı təcrübə mübadiləsi aparılıb.
Mühasibat ixtisası üzrə təhsil alan MDU-nun bir qrup tələbə və magistrantının iştirakı ilə keçirilən təlimdə N.Hacıxanov hesablama metodu ilə uçotun aparılmasının üstünlüklərindən və bu metodun istifadəsinin müəssisələr üçün açdığı manipulyasiya imkanlarından bəhs edib.
Universitetin gənc akademik heyət üzvləri üçün təşkil olunan seminarda isə elmi məqalələrin hazırlanması və beynəlxalq jurnallarda çap edilməsi prosesinin mərhələləri barədə məlumat verilib və müvafiq təcrübələr paylaşılıb. Qeyd edək ki, MDU və Lüksemburq Universiteti arasında Erasmus+ proqramı çərçivəsində protokol cari ildə imzalanıb. Protokolda hər iki universitet arasında tələbə və heyətin mübadiləsi üçün müvafiq imkanların təmin edilməsi razılaşdırılıb. Texnologiya, iqtisadiyyat və təhsil sahələri üzrə ali təhsil proqramlarını reallaşdıran Lüksemburq Universiteti ilə sözügedən əməkdaşlıq MDU-da kadr hazırlığının və tədqiqat fəliyyətlərinin keyfiyyətinin yüksəldilməsinə töhfə baxımından müsbət qiymətləndirilir.