Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi və Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən tələbələrin maarifləndirilməsi üçün silsilə görüşlər təşkil olunub. Bu məqsədlə keçirilən tədbirlərdə universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr bir araya gəliblər. Görüşdə özəlliklə tələbələrin universitet həyatı, eləcə də şəxsi və peşəkar inkşaf istiqamətləri müzakirə olunub.
MDU-nun Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri İlhamə Məmmədova çıxış edərək, tələbələrin universitetdən kənar mövzularda da maarifləndirilməsi, onlara düzgün istiqamətləndirmə verilməsi və təhsil prosesində daha aktiv olmalarının vacib olduğunu vurğulayıb. Tələbələrə universitetin təklif etdiyi imkanlar, kurslar, təlim proqramları və elmi tədqiqat fəaliyyətləri barədə geniş məlumat verilib. Bu proqramların onların gələcək peşəkar həyatlarında necə əhəmiyyətli ola biləcəyi qeyd olunub.
Sonra şöbənin əməkdaşları tərəfindən təhsilin önəmi və şəxsi inkişafa təsiri vurğulanıb. Həmçinin, təhsildə və cəmiyyətdə aktiv iştirak etməklə necə nümunəvi fərd ola biləcəkləri müzakirə olunub.
MDU-nun Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi və Tələbə Gənclər Təşkilatının bu cür görüşləri davamlı olaraq təşkil etməsi, tələbələrin təhsil prosesinə daha aktiv qoşulması və gələcək üçün daha aydın məqsədlər müəyyən etməsinə kömək edir. Tədbir, tələbələrin aralarında birliyə və həmrəyliyə dəstək olmaqla yanaşı, onların universitet həyatından maksimum faydalanmasına təkan verməyi hədəfləyir.