2024 cü il aprelin 26-da Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologoyia kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Ətraf mühitə təsirin qiymətləndirilməsi” adlı modul təlimlərin ikincisi keçirilib. “Ekoloji təhlükəsizlik” mövzusunda keçirilən növbəti təlimin məqsədi gənclərin ətraf mühitə ziyan vurmadan təbii ehtiyatlardan səmərəli istifadə barədə maarifləndirməkdir.
Təlimdə MDU-nun Mühəndislik fakültəsinin tələbə və magistrantları iştirak edib.
Açılış nitqi ilə çıxış edən MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi Aytac Cavadova modul təlim proqramı haqqında tələbələri məlumatlandırıb.
Sonra Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji monitorinq sektorunun məsləhətçisi Ülkər Paşayeva təqdimatla çıxış edib. Təqdimat zamanı atmosferə tullantıların atılmasının qarşısının alınması, su və torpaq çirklənməsinə qarşı tədbirlərin artırılması, bioloji müxtəlifliyin qorunması və təbii resurslardan davamlı istifadə ilə bağlı görülən tədbirlər haqqında məlumat verib. Həmçinin məruzəçi ekoloji məsuliyyət, cəmiyyətin ətraf mühitə təsirinin ölçülməsi, təbiətin qorunması istiqamətində aparılan maarifləndirmə işləri barədə söhbət açıb.
Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.