Beynəlxalq akademik tərəfdaşlıq istiqamətində yeni addım: MDU ilə Asia Sakit Okean Texnologiya və İnnovasiya Universiteti arasında memorandum imzalanıb

Mingəçevir Dövlət Universiteti ilə  Asia Sakit Okean Texnologiya və İnnovasiya Universiteti arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində universitetlərarası tərəfdaşlığın inkişafı istiqamətində növbəti mühüm addım atılıb.

Memorandumun icrası çərçivəsində MDU-nun Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin müdiri Samirə Əhmədova Malayziyada yerləşən Asia Sakit Okean Texnologiya və İnnovasiya Universiteti universitetində işgüzar səfərdə olub.

Səfər zamanı Samirə Əhmədova universitetin maddi-texniki bazası, innovasiya və texnologiya yönümlü tədris infrastrukturu, müasir laboratoriyalar, rəqəmsal öyrənmə mühitləri, tədqiqat və startap ekosistemi, eləcə də dayanıqlı və səmərəli kampus idarəetmə yanaşmaları ilə yaxından tanış olub.

Görüşlər çərçivəsində ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın genişləndirilməsi, tələbə və müəllim mübadiləsi imkanlarının inkişafı, ortaq elmi-tədqiqat təşəbbüslərinin təşviqi, innovasiya və texnologiya transferi, eləcə də beynəlxalq təcrübə paylaşımı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, qlobal çağırışlara cavab verən müasir universitet modeli yalnız keyfiyyətli təhsil və elmi fəaliyyətlə deyil, eyni zamanda innovasiya yönümlü idarəetmə, beynəlmiləlləşmə, resurslardan səmərəli istifadə və dayanıqlı kampus mühitinin formalaşdırılması ilə xarakterizə olunur. Bu baxımdan qurulan yeni tərəfdaşlıq MDU-nun beynəlxalqlaşma strategiyasına, innovasiya potensialının gücləndirilməsinə və müasir ali təhsil ekosisteminə inteqrasiyasına mühüm töhfə verəcək.

MDU ilə Asia Sakit Okean Texnologiya və İnnovasiya Universiteti arasında əməkdaşlığın gələcək dövrdə birgə layihələr, akademik mobillik proqramları, rəqəmsal transformasiya, innovasiya təşəbbüsləri və institusional inkişaf istiqamətlərində daha da dərinləşdirilməsi nəzərdə tutulur.

Bu əməkdaşlıq Mingəçevir Dövlət Universitetinin beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, qlobal akademik əlaqələrin möhkəmləndirilməsi və innovativ, dayanıqlı universitet modelinin inkişafı baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilir.